"Qəbələ"nin legioneri: "Bakıda "Formula-1" yarışını izlədiyim anı çoxdan gözləyirdim"

"Qəbələ"nin legioneri: "Bakıda "Formula-1" yarışını izlədiyim anı çoxdan gözləyirdim" Dion Malone: "Bura çox xoşuma gəlir"
Fərdi
30 Aprel , 2018 09:51
Qəbələnin legioneri: Bakıda Formula-1 yarışını izlədiyim anı çoxdan gözləyirdim

Bakı. 30 aprel. REPORT.AZ/ "Bakı çox müasir və şən şəhərdir. Fikrimcə, bunu çox az adam bilir. Amma bura çox xoşuma gəlir".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Dion Malone Hollandiya mətbuatına açıqlamasında deyib. Valideynləri ilə birgə "Hilton" otelində qalan 29 yaşlı yarımmüdafiəçi "Formula-1" üzrə Azərbaycan Qran-prisini izlədiyini də bildirib: "Burada valideynlərimlə birgə qalıram. Öz ailəm və dostlarım üçün darıxıram. Hərçənd, həyat yoldaşım hər ay yanıma gəlir. Artıq otelin direktoru ilə də dostlaşmışam. Biz müntəzəm olaraq, burada futbola baxırıq. Lakin aprelin 29-da "Formula-1"i izlədim. Bu anı çoxdan gözləyirdim. Komandamın oyunu ilə əlaqədar bunun mənə nəsib olub-olmayacağına dair bəzi şübhələr var idi. Amma istirahət günümə düşdüyü üçün yarışa baxdım və həqiqətən də maraqlı alındı".

Malone Surinamda doğulsa da, Hollandiyada yaşayıb. O, Bakı Şəhər Halqası trasına mənzərənin açıldığı "Hilton"dan "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappenə azarkeşlik edib. Lakin Ferstappen yürüş zamanı komanda yoldaşı və ötənilki Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo ilə toqquşub. Nəticədə hər iki pilot yürüşü tamamlaya bilməyib. Bununla belə, təcrübəli futbolçu yarışdan zövq aldığını vurğulayıb. 

Qeyd edək ki, Dion Malone "Qəbələ"yə ötən yay Hollandiyanın "Den Haq" klubundan keçib. 

Son xəbərlər

Orphus sistemi