“Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Tribunalarda Azərbaycan bayraqları gördükcə daha çox sevinirdim”.
“Report”un Fransaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.
İdmançı Azərbaycan Prezidenti İlham Əliyevə, Taekvondo Federasiyasının rəhbərliyinə və məşqçilərinə təşəkkür edib:
“Artıq 10 ildir ki, Azərbaycandayam. Prezident İlham Əliyev idman infrastrukturunun möhkəmləndirilməsi, yeniləşdirilməsi və bu sahənin inkişafına xüsusi diqqət yetirir. İlbəil idman sahəsində böyük inkişafın olduğunu görürük. Bütün Azərbaycan xalqına, məni tribunadan, televiziyadan izləyən və dəstəkləyən hər kəsə minnətdaram”.
Qaşım Maqomedov finaldakı rəqibi, Cənubi Koreya təmsilçisi Park Taejoona məğlub olmasına da münasibət bildirib:
“Bir neçə ay öncə turnirdə koreyalı idmançı ilə qarşılaşmışdım və onu finalda məğlub etmişdim. Bugünkü döyüşdə isə özümü çox gözəl hiss edirdim. Əmin idim ki, tatamidə hər kəsi məğlub edib qızıl medalla Vətənə qayıdacağam. Amma təəssüf ki, zədə almağım buna imkan vermədi. Qismət gümüş idi. Baş həkim bildirdi ki, sümükdə sınıq ola bilər. Hazırda yoxlanış üçün xəstəxanaya gedəcəyik”.