Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Qarabağ atları 19-23 dekabrda İngiltərədə Olimpiya London Beynəlxalq Atçılıq Şousunda çıxış edəcək.
Azərbaycan Atçılıq Federasiyasından "Report"a verilən məlumata görə, olimpiya üçün hazırlanan nümayiş "Odlar yurdu Azərbaycan və Qarabağ Atı” kimi tanınır. Bu nümayiş Qarabağ atları üzərində hərəkətlər göstərəcək 12 at və çapardan ibarət olacaq.
Nümayişin məqsədi Azərbaycanın mədəni irsini qlobal auditoriyaya çatdırmaqdır. Zəngin mədəniyyət əsrlər boyu Azərbaycan xalqının qəhrəmanlığını, cəsarətini və qorxmazlığını nümayiş etdirən milli rəqs və musiqimizin müşayiəti altında Qarabağ atlarının gücünü və möhtəşəm bacarıqlarını əks etdirən şou ilə nümayiş olunacaq.
Qeyd edək ki, Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi bir cins kimi tanınır. Atlar 10-13 mayda Kral Vindzor At Şousunun 75 illik yubileyində və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə iştirak edib.