"Siyasətə qarışmağı xoşlamıram. Amma bu gün cəbhədə baş verənlər yolverilməzdir. Çünki Qarabağ Azərbaycana məxsusdur, bu ölkənin tarixi ərazisidir".
Bu fikirləri "Report"a eksklüziv açıqlamasında Azərbaycanın idman gimnastikası üzrə yığmasının sabiq üzvü Valeri Belenki cəbhədə yaşanan hadisələr barədə danışarkən deyib.
1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qızıl medalını qazanmış veteran idmançı deyib ki, ermənilər dərhal Qarabağdan çıxmalıdırlar: "Bu, ədalətsizlikdir. Çünki Qarabağ onların torpağı deyil. Amma Ermənistan siyasətçilərinin son açıqlamalarını görmədiyim üçün məsələyə hansısa qiymət verə bilmərəm".
Keçmiş gimnast Ermənistan millisinin və İtaliya "Roma"sının futbolçusu Henrik Mxitaryanın Qarabağla bağlı səsləndirdiyi sərsəm fikirlərə də münasibət bildirib: "Bayaq da qeyd etdiyim kimi, Qarabağ Azərbaycanın ərazisidir. Ona görə də fərqli danışan hansısa idmançının, siyasətçinin dediklərinə istinad etmək lazım deyil. Bu, qeyri-ciddi yanaşmadır".
Belenki münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb: "İki qonşu ölkənin müharibə etməsi məyusluq yaradır. Mən müharibəyə qarşıyam. İstənilən halda tərəflər masa arxasında və siyasi yollarla münaqişənin həllinə çalışmalıdı, ortaq yol tapılmalıdır. Ümid edirəm ki, danışıqlar yenidən bərpa olunacaq və tərəflər döyüş əməliyyatlarını dayandıracaqlar".
Peşəkar idmanla vidalaşdıqdan sonra məşqçiliyə başlayan mütəxəssis hazırda Almaniyanın Ştutqart şəhərində yaşayır. Almaniyanın idman gimnastikası üzrə milli komandasında çalışan olimpiya çempionu 12 il öncə Bakıya gəlişini xatırlayıb: "2008-ci il idi. Açığı, şəhəri görəndə yaxşı mənada təəccüblənmişdim. Həmin vaxt məni telekanallardan birinə dəvət etmişdilər. Orada Bakıda qalıb işləmək və yığmanın böyük məşqçisi olmaq istəyimlə bağlı sual da vermişdilər. Amma rəsmi təklif olmadı. Daha sonra elə alındı ki, Almaniyaya gəldim və burada işləməyə başladım".
Qeyd edək Barselona olimpiadasında MDB yığmasının heyətində qızıl medal qazanmış Valeri Belenki eyni zamanda 3 qat dünya çempionu və Avropa çempionatının gümüş mükafatçısıdır.