Yuxarı

Nizami Paşayev: "Dopinq-testdən keçə bilməməyimin səbəbkarı Vahid Nəzərovdur"

O, Əfsət Əfsətovu yığmanın baş məşqçi postundan uzaqlaşdırmaq üçün belə bir torba tikmişdi

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanın ağırlıqqaldırma üzrə ikiqat dünya və Avropa çempionu Nizami Paşayev 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilmədiyinə dair Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi açıqlamasına münasibət bildirib. Keçmiş idmançı "Report"a müsahibəsində dopinq qəbul etməsindən xəbərsiz olduğunu söyləyib. 

O, həmin vaxt Azərbaycan millisinin baş məşqçisi olmuş Vahid Nəzərovu günahlandırıb: "Bunu məndən yox, Nəzərovdan soruşun. Pekin olimpiadasında baş məşqçimiz o idi. Həmişə demişəm, yenə təkrar edirəm: İlk dəfə 2006-cı il Avropa çempionatında dopinq-testdən keçə bilməməyimin səbəbkarı da Vahid müəllim olub. Həmin vaxt o, Əfsət Əfsətovu yığmanın baş məşqçi postundan uzaqlaşdırmaq üçün belə bir "torba tikmişdi". Məhz bu "əməliyyat"dan sonra Nəzərov yığmanın sükanı arxasına keçdi və bizi olimpiadaya apardı. Deyir ki, guya özünün baş məşqçi olduğu vaxt yığmada dopinq problemi olmayıb. Elədirsə, 1999-cu ildə də baş məşqçi olduğu vaxt lisenziyalı dünya çempionatında ağırlıqqaldıranlarımızdan biri dopinq-testdən necə keçməmişdi?"

N.Paşayev "Orqanizminizdən ikinci dəfə qadağan olunmuş preparatların tapılmasından təəssüf hissi keçirirsinizmi" sualını isə belə cavablandırıb: "Artıq bunun önəmi yoxdur. Guya təəssüflənsəm nə olacaq? Belə hallar ad-sanıma xələl gətirə bilməz. Mənim titullarım göz önündədir". 

Qeyd edək ki, IWF 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb. 15 nəfərlik siyahıda Nizami Paşayev də yer alıb. N.Paşayevdən dehidroxlormetiltestosteron, oksandrolon və stanozolol preparatları aşkarlanıb. Məşhur ağırlıqqaldıran Pekin olimpiadasında birdən və təkanla qaldırma hərəkətlərinin cəmində 396 kq nəticə ilə 5-ci yeri tutub. O, 2006-cı il Avropa çempionatında da dopinq-testdən keçə bilməyib. Qanında qadağan olunmuş metandeonon maddəsi aşkarlanmış Paşayev IWF-nin qərarı ilə çempionatın qızıl medalından məhrum edilib, 2400 dollar məbləğində cərimələnib və 2 il müddətində bütün yerli və beynəlxalq yarışlarda iştirak hüququndan məhrum olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi