“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunub
Fərdi
4 May , 2017 04:03
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

Bakı. 4 may. REPORT.AZ/ Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılışı olub.

"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbirdə iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının öz işinə başlaması münasibətilə bütün iştirakçıları təbrik edib, şahmatçıları və qonaqları salamlayıb.

Ali Məclisin sədri bildirib ki, gənclərin intellektual və mənəvi inkişafında, asudə vaxtlarının səmərəli təşkilində şahmat əvəzsiz vasitədir. Ona görə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına xüsusi diqqət göstərilir, uşaq-gənclər şahmat məktəbləri ilə yanaşı, ümumtəhsil məktəblərində də şahmat fənni tədris olunur. Hər il Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalı və digər şahmat yarışları şahmatın inkişafında, bu sahədə gənc istedadların yetişməsində böyük rola malikdir.

Ali Məclisin sədri dəvəti qəbul edib “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında iştirak etdiklərinə görə şahmatçılara və qonaqlara təşəkkürünü bildirib, yarışların sağlam rəqabət və idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edib, şahmatçılara qələbə arzulayıb və festivalı açıq elan edib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov çıxış edərək deyib ki, Azərbaycanda şahmatın qədim tarixi və ənənələri var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şahmatın inkişafına böyük qayğı göstərib.

Bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev də davam etdirir: "Cənab İlham Əliyevin sərəncamı ilə dünyada ilk dəfə olaraq Azərbaycanda şahmatın inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının qəbul edilərək həyata keçirilməsi Beynəlxalq Şahmat Federasiyasına üzv olan ölkələr üçün nümunədir.

Sonra Kirsan İlümjinov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərova “Beynəlxalq təşkilatçı”, şahmat üzrə məşqçi-müəllim Toğrul Həsənzadəyə isə “Beynəlxalq usta” diplom və döş nişanlarını təqdim edib. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çıxış edərək deyib ki, bu gün ölkə prezidenti İlham Əliyev idmanın inkişafına xüsusi diqqət yetirir. Azərbaycanda hər il beynəlxalq idman yarışları keçirilir. Bu il də ölkəmizdə mötəbər idman yarışları, xüsusilə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. İdmanın inkişafı sahəsində görülən işlər şahmatı da əhatə edib.

Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov diqqətə çatdırıb ki, ölkəmizdə şahmatın inkişafı və kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirilir.

Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov Naxçıvanda şahmat üzrə beynəlxalq yarışların uğurla keçirildiyini bildirib, “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının əhəmiyyətindən danışıb.

Sonra şahmat festivalının püşkü atılıb. “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında 10 ölkədən 300-dən artıq şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçiriləcək festivalda iştirak edən şahmatçılar arasında 16 beynəlxalq qrossmeyster və 17 beynəlxalq şahmat ustası var.

Son xəbərlər

Orphus sistemi