"Avropa olimpiya təsnifat turnirinin keçiriləcəyi şəhərlə bağlı bir sıra müzakirələr aparıldı. Elə ölkələr var ki, hər bir çəkidə cəmi bir nümayəndəsi var. Bu dünya çempionatından sonra mart ayında ilk önəmli turnir olacaq. İdmançının ora hazırlaşıb çəki atmağı çox çətindir. Düşünürəm ki, olimpiadaya lisenziya verən yarışın müharibə şəraitində olan ölkədə keçirilməsi məqsədəuyğun deyil. Ona görə də bu məsələnin üzərində çox dayanmadım".
Bu fikirləri "Report"un Qazaxıstanın paytaxtı Nur-Sultana ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Güləş Federasiyasının prezidenti əvəzi Namiq Əliyev deyib.
Federasiya rəsmisi Avropa olimpiya təsnifat turnirinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcəyi ilə bağlı qərarın doğru olduğunu bildirib.
Əliyev yarışın Bakıda keçirilməməsində ermənilərin təsiri olmadığını sözlərinə əlavə edib: "Onların bizim qədər nüfuzları yoxdur. Ancaq obyektiv danışmaq lazımdır. Bakıda bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Ora da gəlməyəcəklər. Güləşdə olimpiya lisenziyalarının sayı azalıb. Hər bir çəkidəki idmançı sayı 21-dən 16-ya endirilib. Avropada bir dəfə təsnifat turniri olacaq. Orada hansısa ölkənin olmaması böyük bir faciədir. Bu həmin vaxt qatılmayan ölkənin olimpiadaya lisenziya qazanmasını şübhə altına alacaq. Bu baxımdan, lisenziyaların düzgün verilməsi üçün bu məsələlər nəzərə alınmalıdır".
N.Əliyev Dünya Güləş Birliyinin büro iclasında bir sıra məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb. O, Bakıda hansısa turnirin keçirilməsinin mümkünlüyündən də söz açıb: "Bu barədə heç bir problem yoxdur. Müəyyən yarışlar məsləhət olunmuşdu. Qısa zamanda mütləq böyük yarışa ev sahibliyi edəcəyik. Artıq bizim azarkeşlərimiz də darıxıblar. Toplantıdakı müzakirələrdən biri də bu yarışların sıx qrafikdə keçirilməsi ilə bağlı oldu. 2020-ci ilin fevralında Avropa və Asiya çempionatı keçiriləcək. Martda isə Avropa olimpiya təsnifat turniri olacaq. Bunu bir formatda keçirmək təklif olundu ki, Avropa çempionatı da olimpiadaya lisenziya versin. Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç bildirdi ki, bunu dəyişə bilmərik".
Federasiya rəhbəri "Tokio-2020" üçün lisenziyaları Qazaxıstandakı mundialda almaq istədiklərini söyləyib: Hər idmançının və məşqçinin qarşısına müəyyən hədəflər qoyulub. Çalışacağıq ki, onları yerinə yetirək və lisenziyaları qazanaq. Lisenziya yarışlarına çox da ümid etmək olmaz".
Qeyd edək ki, Qazaxıstandakı mundial sentyabrın 14-dən 22-dək keçiriləcək.