Azərbaycan idmanı: Mötəbər tədbirlərdən çoxsaylı medallaradək - İSLAHATLARIN 1 İLİ - VİDEO

Azərbaycan idmanı: Mötəbər tədbirlərdən çoxsaylı medallaradək - İSLAHATLARIN 1 İLİ - VİDEO Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən ötən bir il müddətində Azərbaycanın dünya idmanındakı nüfuzu daha da artıb.
Fərdi
2 Aprel , 2019 15:12
Azərbaycan idmanı: Mötəbər tədbirlərdən çoxsaylı medallaradək - İSLAHATLARIN 1 İLİ - VİDEO

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən ötən bir il müddətində Azərbaycanın dünya idmanındakı nüfuzu daha da artıb.

“Report” xəbər verir ki, 2018-ci ilin aprelindən bəri ölkədə bir sıra mötəbər beynəlxalq yarış və tədbirlər keçirilib. Odlar Yurdunu təmsil edən idmançılar dünya arenalarında müxtəlif növlərdə fəxri kürsüyə yüksəlməyi bacarıblar.

Azərbaycan hesabat dövründə “Formula 1” üzrə Azərbaycan Qran Prisi, cüdo üzrə dünya çempionatı, şahmat üzrə “Shamkir Chess-2018” beynəlxalq superturniri, velosiped idmanının BMX növü üzrə dünya çempionatı, batut, tamblinq və mini-batut gimnastikası üzrə Avropa çempionatı, akrobatika üzrə Dünya Kuboku və digər nüfuzlu beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar “Bakı 2019: Ulduzlar finalı” adlı qarşılaşma təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il “Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibi, Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemiltonu şəxsən mükafatlandırıb. Dövlət başçısı Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib. Yarışları Rusiya Prezidenti Vladimir Putin və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa da canlı izləyiblər.

Ötən müddət ərzində Bakıda Beynəlxalq Gimnastika Federasiyasının ali orqanı olan Konqresin iclası, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi ilə əlaqədar Gənc Liderlərin Qlobal Forumu, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin yığıncağı, Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası, Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası və daha bir neçə mühüm tədbirlər baş tutub.

Azərbaycan idmançıları 2018-ci idə keçirilmiş beynəlxalq yarışlarda 753 medal qazanıblar. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı isə bürünc əyarlı, 313-ü (85 qızıl, 90 gümüş və 138 bürünc) olimpiya, 440-ı (178 qızıl, 140 gümüş və 122 bürünc) isə qeyri-olimpiya növlərinin payına düşüb.

Azərbaycan Prezidenti ötən il oktyabrın 15-də Lənkəran Olimpiya İdman Kompleksinin, bu il fevralın 13-də isə Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Bununla da ölkədə istifadəyə verilən Olimpiya İdman Komplekslərinin sayı 45-ə çatıb. Hazırda 3 Olimpiya İdman Kompleksinin (Neftçala OİK, Tərtər OİK, Goranboy OİK) və 2 İdman Kompleksinin (Yardımlı İK, Qala İK) tikintisi davam etdirilir, Yevlax Olimpiya İdman Kompleksinin layihələndirilməsi başa çatdırılıb.

Prezident İlham Əliyev Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında medal qazanan idmançıları və onların məşqçilərini mükafatlandırıb.

Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə 12 min 500 manat; 

İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə 7 min 500 manat; 

Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat 

mükafat verilib. Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər mükafat ödənilib. Argentinaya yollanmış 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb.

Dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə 25 nəfər görkəmli idman xadimini mənzillə mükafatlandırıb. Siyahıda müxtəlif idman növləri üzrə məşqçilər, hakimlər, idmançı və veteran idmançılar, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşları yer alıb.

Azərbaycan 2019-cu ildə də bir sıra nüfuzlu yarışlara ev sahibliyi edəcək. Bakıda 26 - 28 apreldə “Formula 1” üzrə Azərbaycan Qran Prisi, 29 mayda UEFA Avropa Liqasının final oyunu, 21 - 27 iyulda XV Avropa Gənclər Olimpiya Festivalı, 16 - 19 mayda bədii gimnastika üzrə Avropa, 16-22 sentyabrda isə dünya çempionatı kimi mötəbər yarışlar baş tutacaq.

Son xəbərlər

Orphus sistemi