MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Ağacan Abiyevin 85 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Fərdi
24 Noyabr , 2022 16:33
MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Ağacan Abiyevin 85 illik yubileyinə həsr olunan tədbir keçirilib.

MOK-da "Report"a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları yubilyarın 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində başlayan həyat hekayəsindən bəhs edən qısametrajlı filmə baxıblar.

Videoçarxda A.Abiyevin idmançı, hakim kimi fəaliyyəti ilə yanaşı, rəssam kimi bacarıqlarından bəhs edilib. Daha sonra Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Nazir Rəhimov yubilyarın qısa tərcümeyi-halı ilə tədbir iştirakçılaırnı tanış edib.

A.Abiyevi təbrik edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, o, prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Yubilyara MOK adından xatirə hədiyyələri təqdim edən Ç.Hüseynzadə 25 illik dostuna uzun ömür can sağlığı arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında A.Abiyevin beynəlxalq aləmdə böyük nüfuza sahib idman mütəxəssisi olmasına diqqət çəkib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın (ADBTİA) rektoru Fuad Hacıyev yubilyarın 28 illik rektorluq fəaliyyəti dövründə təhsil ocağının inkişafı və tələbələrin naliyyətlərinin artması istiqamətində gördüyü işlərdən söz açıb.

Milli Məclis sədrinin müavini Adil Əliyev, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Güləş Federasiyasının İdman şöbəsinin müdiri Yaqub Məmmədov, beynəlxalq dərəcəli hakim Hicran Şərifov, dünya çempionu Fərhad Acalov , Olimpiya Oyunlarının mükafatçısı Şahin İmranov çıxış edərək 85 illik ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə həsr etmiş fədakar idman ustasının və elm xadiminin həyat yolundan, çoxşaxəli fəaliyyətindən söhbət açıb, onu yubiley münasibətilə təbrik ediblər.

Tədbirdə A.Abiyevin 100-dən çox elmi məqalənin, monoqrafiyanın, tədris vəsaitlərinin, ixtiraların müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarından olduğu vurğulanıb. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan yubilyar Azərbaycanda Olimpiya hərəkatının təbliğində və inkişafında mühüm rol oynayıb.

Yüksək diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən A.Abiyev onun əməyinin dövlət tərəfindən yüksək qiymətlədirildiyini bildirib, Vətəninə bundan sonra da şərəf və ləyaqətlə xidmət edəcəyini söyləyib. Ümummilli lider Heydər Əliyevin idmançılara və gənclərə, eləcə də onun ictimai-siyasi və idman fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini söyləyən A.Abiyev bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini də deyib.

Tədbirdə MOK-un Baş katibi Azər Əliyev, Gənclər və idman nazirinin müavini Mariana Vasileva, olimpiya çempionları Namiq Abdullayev, Nazim Hüseynov, Lyudmila Şubina, dünya və Avropa çempionları və mükafatçıları, federasiya rəsmiləri ilə yanaşı, Ağacan Abiyevin ailə üzvləri də iştirak ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi