Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyevin ilk görüşü 1/32 finala təsadüf edib. 26 yaşlı idmançı çexiyalı İrji Petrlə üz-üzə gəlib. Qarşılaşma Mehdiyevin qələbəsi ilə yekunlaşıb. Onun növbəti rəqibi mavrikiyalı Remi Fülle olub. Bu görüşdən də qalib ayrılan azərbaycanlı cüdoçu 1/8 finala yüksəlib. Mehdiyev bu mərhələdə "Minsk 2019" II Avropa Oyunlarının 1/4 finalında uduzduğu türkiyəli Mikayıl Özerler ilə qarşılaşıb. O, görüşü ipponla başa vuraraq, adını 1/4 finala yazdırıb. Yarımfinala gedən yolda rəqib serbiyalı Nemanya Maydov olub. Maydov ipponla qalib gələrək, çempionluq uğrunda yola davam edib. Mehdiyev isə bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. O, fransalı Aksel Klerge ilə üz-üzə gəlib. Görüş Klergenin qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı cüdoçu dünya çempionatını 7-ci yerdə başa vurub.
70 kq çəkidəki qadın cüdoçu Günel Həsənli isə mübarizəni erkən dayandırıb. O, 1/32 finalda avstraliyalı Aoyfe Koflanla görüşdən məğlub ayrılıb.
Qeyd edək ki, hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıblar. 73 kq çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala yiyələnib.