Britaniyalı media eksperti Azərbaycanla bağlı paylaşımına görə erməni təzyiqinə məruz qaldı

Britaniyalı media eksperti Azərbaycanla bağlı paylaşımına görə erməni təzyiqinə məruz qaldı Böyük Britaniyadan olan beynəlxalq media mütəxəssisi Dan Meyson sosial şəbəkədəAzərbaycan və Ermənistan sərhəddində baş verən hadisələrlə bağlı paylaşdığı fikirlərinə görə təzyiqə məruz qalıb.
Fərdi
23 İyul , 2020 12:58
Britaniyalı media eksperti Azərbaycanla bağlı paylaşımına görə erməni təzyiqinə məruz qaldı

Böyük Britaniyadan olan beynəlxalq media mütəxəssisi Den Meyson sosial şəbəkədə Azərbaycan və Ermənistan sərhəddində baş verən hadisələrlə bağlı paylaşdığı fikirlərinə görə təzyiqə məruz qalıb.

"Report"un məlumatına görə, erməni internet istifadəçiləri Meysonun səhifəsini və paylaşımını şikayət etməyə başlayıblar.

Mütəxəssis bir müddət öncə sosial mediada Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən narahatlığını bildirib, zorakılıq və insan ölümlərindən dərin kədər və məyusluq hissini ifadə edib: "Bir çox insanın həyatını çoxdan məhv edən bir qarşıdurmada yaxınlarını itirən ailələrə ürəyim acıyır. Nə üçün? Beynəlxalq siyasətin qaranlıq kölgəsində yenə qan tökülür". 

Meyson bu hadisələrin fonunda baş verən informasiya müharibəsinə də toxunub: "Etibarlı faktları tapmaq çətindir və arxa hissə mürəkkəbdir. Ancaq bu, bəhanə deyil. Siyasi vəziyyəti, təbii qaynaqları və iqtisadi mənzərəni nəzərə alaraq regional xəritəyə bir neçə dəqiqə nəzər salmağınızı istəyirəm. Bu zaman bir çox sualların cavabı sizə aydın olacaq".

Beynəlxalq mütəxəssis öz paylaşımında müharibədən və münaqişələrdən ən çox uşaqların ziyan çəkdiyini və bütün bunlara səssiz qalmağın düzgün olmadığını da vurğulayıb:  "Hər hansı bir millətdən olan uşağın qəlbində bu qədər böyük acı ilə, kədərlə böyüməsinə razı olmaq, göz yummaq qəbulolunmazdır". 

Meyson paylaşımını "Dünyanın daha yaxşısına layiq olan hissəsində tezliklə ədalət və sülhün bərqərar olmasını diləyirəm" sözləri ilə yekunlaşdıraraq, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də cəbhənin Tovuz istiqamətində həyata keçirdiyi təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan ordusunun çavuşu Vüqar Sadıqovun övladlarının gözüyaşlı fotosunu paylaşıb.

Qeyd edək ki, Den Meyson 30 ildən çox professional jurnalist kimi Böyük Britaniyanın ən qabaqcıl media qurumlarında çalışıb. Son 10 il ərzində o, Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində rəqəmsal media təlimləri keçməkdədir. Dan Meyson ölkəmizdə Böyük Britaniyanın Tomson Fondu, British Council və Paşa Bank tərəfindən həyata keçirilən Biznes Jurnalistika Proqramının əsas təlimçisi, 2017-2020-ci illər ərzində isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman Jurnalistikası” magistr proqramının rəhbəri olub.

Son xəbərlər

Orphus sistemi