​Mahir Məmmədov: "Ümumdünya Şahmat Olimpiadasında təhlükəsizlik tədbirləri daha güclü olacaq" - MÜSAHİBƏ

​Mahir Məmmədov: "Ümumdünya Şahmat Olimpiadasında təhlükəsizlik tədbirləri daha güclü olacaq" - MÜSAHİBƏ "Açılış və Bağlanış mərasimində yerli mütəxəssislərin təcrübəsindən istifadə olunacaq"
Fərdi
14 Aprel , 2016 12:07
​Mahir Məmmədov: Ümumdünya Şahmat Olimpiadasında təhlükəsizlik tədbirləri daha güclü olacaq - MÜSAHİBƏ

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BŞOƏK) direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Komitənin mətbuat xidmətinə müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir:

- Əvvəlcə Beynəlxalq Şahmat Federasiyası (FİDE) rəsmilərinin Bakıya səfəri haqda danışmaq istərdik. FİDE nümayəndələri ilə hansı məsələlər müzakirə edildi?

- FİDE prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bir sıra vacib məsələlər müzakirə edildi. Şahmat Olimpiadasının keçiriləcəyi "Crystal Hall"da olduq. Qonaq komandaların məskunlaşacağı otellərlə əməkdaşlıq memorandumu imzalandı. Görülən işlərlə bağlı hesabat verildi. Əməliyyat Komitəsi ilə FİDE rəsmilərinin görüşündə qonaqların viza məsələsi, olimpiadanın açılış və bağlanış mərasimi, hakim və şahmatçıların qarşılanması, yerləşdirilməsi və digər mühüm məsələlər barədə fikir mübadiləsi oldu.

- Bu günə qədər BŞOƏK-in gördüyü işləri necə qiymətləndirirsiniz?

- Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunması üçün xeyli iş görülüb. Təşkilati işlər plan üzrə davam edir. Olimpiadaya hazırlıq həlledici mərhələyə qədəm qoyur. Bundan sonra FİDE rəsmiləri hər ay Azərbaycan paytaxtına səfər edəcək. Hər ay görülən işlərlə yerində tanış olacaqlar. Bu günə qədər Əməliyyat Komitəsində bütün departamentlər təsdiqlənib. Yarışın harada və necə keçiriləcəyi dəqiqləşib. Arenada lazımi media mərkəzi, VİP sektor və digər yerlərin bölgüsü olunub. Hazırda 42-ci Şahmat Olimpiadasının açılış və bağlanış mərasimlərinin ssenarisi hazırlanır.

- Yeri gəlmişkən, Olimpiadanın açılışı harada keçiriləcək?

- Bununla bağlı tender elan olunub. Artıq mərasimi təşkil edəcək şirkətlə bağlı tenderin qalibi məlumdur. Onlar tərəfindən bizə iki arena təklif olunub. Hazırda son qərar verilməyib. Açılış və Bağlanış mərasimində yerli mütəxəssislərin təcrübəsindən istifadə olunacaq. Qonaqlara Azərbaycan mədəni irsini nümayiş etdirmək istəyirik. Yaxın günlərdə mərasimin keçiriləcəyi məkan təsdiqlənəcək.

- Mötəbər yarışda iştirak etmək üçün Bakıya çoxlu sayda qonaq və iştirakçılar gələcək. Onların viza məsələsi necə həll olunacaq?

- İlk gündən Gənclər və İdman Nazirliyi bizə yaxından kömək edir. Viza məsələsində nazirliyin təcrübəsindən istifadə olunacaq. Qonaqların rahat şəkildə viza alması məsələsi müzakirə edilib. Fikrimcə heç bir problem olmayacaq.

- Turnir zamanı təhlükəsizlik məsələsi necə həll olunacaq?

- Müvafiq orqanlarla danışıqlar gedir. Yarış zamanı təhlükəsizlik məsələsinin yüksək səviyyədə olması üçün lazımi işlər görülür. 2015-ci ildə Bakı şahmat üzrə Dünya Kubokunu yüksək səviyyədə təşkil etdi. Bu dəfə ölkələr və şahmatçıların sayı çoxdur. Olimpiadada 175-dən çox ölkə olacaq. Ona görə təhlükəsizlik tədbirləri daha güclü olacaq.

- Azərbaycan yığmalarının hazırlıq planı barədə məlumat verərdiniz. Komandaların heyətləri nə vaxt açıqlanacaq?

- Bu məsələ Azərbaycan Şahmat Federasiyasının diqqətindədir. Həm kişilər, həm də qadınlar arasında 3 komanda ilə təmsil olunacağıq. Artıq yığmaların kapitanları və hazırlıq planı dəqiqləşib. Komandalar təlim-məşq toplanışında iştirak edəcək. Tezliklə yığmalarımızın heyəti mətbuata açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi