Bakı. 1 mart. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatında iştirak edən komandalar ardıcıl ikinci il yarışın sahibi “Liberty Media”dan az pul alıb.
“Report” “Reuters” agnetliyinə istinadən verdiyi məlumata görə, 2018-ci il mövsümü üçün 10 komandaya nəzərdə tutulan ümumi məbləğ 919 milyon dollardan 913 milyon dollara düşüb. 2016-cı ildə isə bu rəqəm 966 milyon dollar olub. Özü də, ödənişlərin azalması “Formula 1”in gəlirlərinin 13 faiz artması fonunda baş verib. Məsələ ilə bağlı “Liberty Media”dan bildirilib ki, komandalar üçün ödənişlərdə düşüşün baş verməsi yarış xərclərinin artması ilə bağlıdır.
2017-ci illə müqayisədə, “Formula 1”in gəliri 1 milyar 783 milyon dollardan 1 milyar 827 milyon dollara yüksəlib.
Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 26 - 28 apreldə olacaq.