Latviyanın paytaxtı Riqada tayboks üzrə Beynəlxalq Federasiyanın (WKN) "LNK Fight Night 16" şousu çərçivəsində dünya çempionatı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, "Studio 69" klubunun arenasındakı həlledici döyüşdə Azərbaycan əsilli Latviya kikboksçusu Zaur Cavadov Slovakiyanın WKN üzrə çempionu Sebastyan Fapso ilə qarşılaşıb. Cavadov qələbə qazanaraq, dünya çempionu tituluna layiq görülüb. Bununla da azərbaycanlı idmançı döyüş siyahısına 39-cu qələbənin yazılmasına nail olub. Bunların 14-ü ardıcıl qazanılıb.
Qeyd edək ki, Zaur Nurbaba oğlu Cavadov 21 dekabr 1986-cı ildə Latviyanın Riqa şəhərində dünyaya gəlib. 4 yaşından karateyə yönəldilən Cavadov 2005-ci ildən peşəkar kikboksinqlə məşğul olub. O, dəfələrlə bu idman növünün WAKO K-1, WKA K-1 və digər versiyaları üzrə Latviya, Litva, Polşa və Avropa çempionu titullarını qazanıb. 2017-ci ildə "Arena Riqa”da “KOK World Grand Prix in Riga 2017” döyüş şousu zamanı Cavadov Moldovadan olan rəqibi Sergey Morari ilə qarşılaşıb. Həmyerlimiz ona nokautla qalib gələrək, dünya çempionu titulunu əlindən alıb.