Kirsan İlyumjinov: "Şəhriyar Məmmədyarovda aqressivlik, qəzəb çatmadı" - MÜSAHİBƏ

Kirsan İlyumjinov: "Şəhriyar Məmmədyarovda aqressivlik, qəzəb çatmadı" - MÜSAHİBƏ "2020-ci ilədək 1 milyard insana şahmat oynamağı öyrətməliyəm"
Fərdi
19 Aprel , 2018 12:52
Kirsan İlyumjinov: Şəhriyar Məmmədyarovda aqressivlik, qəzəb çatmadı - MÜSAHİBƏ
Report

Şəmkir. 19 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" beynəlxalq şahmat turnirinin açılış mərasimində iştirak edən FİDE-nin prezidenti Kirsan İlyumjinov jurnalistlərin suallarını cavablandırıb.

“Report”un Qərb bürosunun məlumatına görə, rusiyalı funksioner əvvəlcə yarışla bağlı təəssüratlarını bölüşüb...

- Artıq dördüncü dəfədir bura gəlirəm. Beşinci dəfə keçirilən Vüqar Həşimovun xatirə turnirinin açılışını etdik. Ənənəvi şahmat turnirlərinin təşkilinə görə ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Şəmkir təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində tanınır. Ölkədə şahmat proqramları aktiv şəkildə inkişaf edir. Hər dəfə bura gələndə görürük ki, dünyanın tanınmış qrossmeysterləri "Shamkir Chess"də iştirakı özləri üçün fəxr sayırlar. Güclü olanın qalib gələcəyinə ümid edirəm. İştirakçıların siyahısında çox güclü simalar yer alıb. Maqnus Karlsen, Sergey Karyakin, Veselin Topalov, bir sözlə, hamısı güclüdürlər. 10 iştirakçının hər biri qalib adına iddia edə bilər. FİDE prezidenti kimi hər kəsə uğurlar arzulayıram. Onların sona qədər oynamalarını, heş-heçələrin az olmasını diləyirəm.

- FİDE prezidenti postuna namizədliyinizi yenidən irəli sürmüsünüz. Şanslarınızı necə dəyərləndirərdiniz?

- Seçki sentyabrın sonlarında Gürcüstanın Batumi şəhərində keçiriləcək. Dörd il öncə Norveçin Tromse şəhərində baş tutmuş seçkidə mən qələbə qazandım və dünya çempionu Harri Kasparovu üstələdim. Seçkidə 110 ölkə mənə, 61-i isə ona səs verdi. Artıq 23 ildir FİDE prezidentiyəm. İlk dəfə məni 1995-ci il noyabrın 24-də Fransanın paytaxtı Parisdə bu posta seçiblər. Bundan sonra 6 dəfə təkrar seçilmişəm. Bu posta niyə növbəti dəfə iddia edirəm? Çünki qarşıma məqsəd qoymuşam ki, 2020-ci ilə qədər 1 milyard insana şahmat oynamağı öyrədim. Hazırda 600 milyon insan bunu bacarır. Düşünürəm ki, sayı 1 milyarda çatdıracağıq. 1 milyard şahmatçı – 1 milyard ağıllı insan deməkdir. İl ərzində onlarla ölkəni ziyarət edirəm. Hər yerdə Məktəblərdə Şahmat proqramı tətbiq edirik. Məqsəd odur ki, şahmat hər bir məktəbə, hər bir ailəyə daxil olsun.

- İddiaçılar Turnirinin qalibi olması üçün Şəhriyar Məmmədyarovda nə çatışmadı?

- Bir az aqressivlik, qəzəb çatmadı. Qalib hər zaman sərt şəkildə qələbəyə köklənməli və heç kimə baxmadan hədəfə doğru getməlidir. Şəhriyar çox istedadlı şahmatçıdır, böyük potensialı var. Ümid edirəm ki, necə deyərlər, burada doğma divarlar ona kömək edəcək.

Son xəbərlər

Orphus sistemi