Avropa Karate Federasiyasının (EKF) ikinci virtual görüşü baş tutub.
"Report" Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, iclasda koronavirus pandemiyası şəraitində karatenin inkişafı məsələləri müzakirə olunub.
EKF-in prezidenti Antonio Espinosun rəhbərlik etdiyi videokonfransda qitənin 30-dək milli federasiyasının prezidenti iştirak edib. Digər qitə federasiyaları ilə görüş isə ikinci hissədə baş tutub.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in İdarə Heyətinin üzvü Yaşar Bəşirov çıxışında milli federasiyanın bu dövrdə virtual fəaliyyətindən və idmançıların hərtərəfli dəstəkləndiyindən söz açıb. Görüşün sonunda Espinos bu çətin günlərdə milli federasiyaların işlərini yüksək qiymətləndirib.
Videokonfransda yarışların keçirilməsinin mümkün variantları müzakirə edilib, birgə səylər nəticəsində qarşıdakı aylarda həyatın öz axarına düşəcəyinə və turnirlərin bərpa ediləcəyinə inam ifadə olunub.