Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01 oktyabr, 2026
- 18:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Bakıdakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm, ASF-nin prezidenti Zaur Əliyev, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimində ilk söz gənclər və idman naziri Fərid Qayıbova verilib. O, çıxışında Azərbaycanın hər il müxtəlif mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının ölkədə bu sahənin inkişafına, müasir infrastrukturun yaradılmasına və Azərbaycanın beynəlxalq səviyyəli yarışların keçirildiyi mərkəzlərdən birinə çevrilməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, ilk dəfə olaraq Dünya Kubokunun Azərbaycanda keçirildiyini qeyd edib və bu münasibətlə iştirakçıları təbrik edib.
Daha sonra Zaur Əliyev çıxış edib, bu tarixi məqamın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Federasiya prezidenti ölkəmizin ilk dəfə üzgüçülük üzrə Dünya Kubokuna ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, bu yarışın ölkəmizə göstərilən dəstəyin təzahürü olduğunu vurğulayıb.
Son olaraq çıxış üçün söz Hüseyn Əl-Müsəlləmə verilib. O, Bakıda təşkil olunan Dünya Kubokunun açılışında iştirak etməkdən məmnunluq duyduğunu bildirib. Hüseyn Əl-Müsəlləm belə yüksək səviyyəli yarışın təşkilinə göstərilən səyləri qeyd edib və Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan Üzgüçülük Federasiyasına, təşkilat komitəsinə təşəkkürünü çatdırıb.
Çıxışlardan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ardınca açılış mərasimi şou proqramı ilə davam edib.
Qeyd edək ki, Dünya Kuboku 1-3 oktyabr tarixlərində 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında keçirilir.