İlqar Rəhimov: "Vətən müharibəsindəki zəfər paralimpiyaçıların çıxışına təsir etdi"

İlqar Rəhimov: "Vətən müharibəsindəki zəfər paralimpiyaçıların çıxışına təsir etdi" "Bizim komandamız çox güclüdür. Yarışdan əvvəl də bunu demişdim. Hətta proqnoz verəndə bildirdim ki, Tokioya yollanan komanda əvvəlki heyətlərdən daha yaxşıdır".
Fərdi
115
7 Sentyabr , 2021 12:07
İlqar Rəhimov: Vətən müharibəsindəki zəfər paralimpiyaçıların çıxışına təsir etdi
İlqar Rəhimov

"Bizim komandamız çox güclüdür. Yarışdan əvvəl də bunu demişdim. Hətta proqnoz verəndə bildirdim ki, Tokioya yollanan komanda əvvəlki heyətlərdən daha yaxşıdır".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Tokio-2020 Yay Paralimpiya Oyunlarındakı nəticələrlə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, komandadakı hər idmançının nəyə qadir olduğunu bildiklərini söyləyib: "Bu məlumatlar bizə əsas verir ki, düzgün proqnoz irəli sürək. Yarışdan əvvəl neçə qızıl medal qazana biləcəyimizi dilimizə gətirmirdik. Amma paralimpiyaçıların Tokioda layiqli çıxış edəcəklərini gözləyirdik. Bəzi proqnozlarımız isə baş tutmadı. Qızıl medal gözlədiyimiz idmançılar güclərindən aşağı səviyyədə çıxış etdilər. Digərləri isə gözləmədiyimiz halda paralimpiya çempionu oldu. Çünki uşaqlarda qələbə və zəfər ruhu var idi. Azərbaycan xalqına, paralimpiyaçıların dostu Prezident İlham Əliyevə təşəkkür edirik. Onun zəhməti nəticəsində bizim uşaqlar Vətənə zəfərlə dönüblər".

Rəhimov Vətən müharibəsindəki zəfərin paralimpiyaçıların çıxışına təsir etdiyini sözlərinə əlavə edib: "Qələbəmiz bizim uşaqları çox ruhlandırdı. Söz verirəm ki, idmançılarımız bundan sonra daha məsuliyyətli hazırlaşacaq. Fransanın paytaxtı Parisdəki paralimpiadaya cəmi 3 il qalıb. Çox qısa müddətdə hazırlıqlarımızı görməliyik. Yeni komanda formalaşdırılmalıdır. Təbii ki, heyətdə qalan idmançılar olacaq. Çünki komandamız çox gəncdir. Biz seleksiya işlərini davam etdirməli və yeni idmançıları da cəlb etməliyik. Bu istiqamətdə işlər görülür. Əsas işlərimizdən biri Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin paralimpiadaya cəlb olunmasıdır. Çox sayda gənc paralimpiyaçılarımız var. Onlar istənilən idman növü ilə məşğul ola bilirlər. Biz seleksiya işləri aparacağıq və çalışacaq ki, Parisə bundan daha güclü heyətlə yollanaq".

Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.

Son xəbərlər

Orphus sistemi