Ukrayna Boks Federasiyası İtaliyada keçirilən yeniyetmələr arasında Avropa çempionatında iştirakdan imtina edib.
Ukrayna Boks Federasiyasının rəhbəri Kiril Şevçenko “Report”un Şərqi Avropa bürosuna bildirib ki, hazırda İtaliyada keçirilən yeniyetmələr arasında Avropa çempionatından IBA-nın qeyri-adekvat, siyasi tələbinə görə iştirakdan imtina ediblər.
“IBA-nın prezidenti Umar Kremlyov buna qədər Rusiya Boks Federasiyasımın rəhbəri olub. Bundan başqa, IBA-nı “Qazprom” (Rusiya şirkəti) maliyyələşdirir. Bu səbəbdən IBA prezidenti Umar Kremlyov və vitse-prezident Vladimir Prudiyusin Ukraynanın bu yarışda dövlət bayrağı ilə yox, ağ bayraq ilə çıxış etməsinə qərar verib" - K.Şevçenko vurğulayıb.
Onun sözlərinə görə, müharibə ilə əlaqədar Ukrayna İdman Nazirliyi gənclər və böyüklərdən ibarət komandalar istisna olmaqla, bütün milli komandaların maliyyələşdirilməsini dayandırıb: “Bu çətin dövrdə Boks Federasiyası sponsorla birlikdə 40 nəfərlik komandanın təchizatını həyata keçirməyə və İtaliyada keçirilən çempionata göndərməyə imkan tapıb. Bütün xərclərimizə baxmayaraq, yarışda iştirak etməkdən imtina etdik və komandamız hazırda geri qayıdır. Onların bu qərarı o deməkdir ki, IBA beynəlxalq idman təşkilatı yox, Rusiya təşkilatıdır. Hesab edirik ki, ölkə üçün belə çətin məqamda ultimatumların verilməsi və Ukrayna bayrağının çıxarılması bizim üçün qəbuledilməzdir”.
Federasiya rəhbəri bildirib ki, IBA-nın rəhbərliyi Ukraynanın səsini boğmağa çalışır: “Bir həftə əvvəl İrəvanda keçirilən Beynəlxalq Boks Assosiasiyasının seçkilərində iştirak etməyimə icazə verməyiblər. Həmin vaxt onlar saxta yolla Umar Kremlyovu yenidən bu qurumun prezidenti seçiblər. Buna görə məni düşmən hesab edirlər”.
K.Şevçenko məlumat verib ki, bununla bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşırlar.