Azərbaycanın yunan-Roma güləşçisi erməni dünya və Avropa çempionunu məğlub edib

Azərbaycanın yunan-Roma güləşçisi erməni dünya və Avropa çempionunu məğlub edib Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Fərdi
12 Aprel , 2019 16:33
Azərbaycanın yunan-Roma güləşçisi erməni dünya və Avropa çempionunu məğlub edib

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 1/4 finalda dünya çempionu və son qitə çempionatının qalibi Maksim Manukyana qalib gəlib - 6:1. O, ilk hissədə rəqibi üzərində 4:1 hesablı üstünlük əldə edib. İkinci yarıda isə Azərbaycan təmsilçisi daha 2 xal qazanıb. İstedadlı pəhləvan 1/8 finalda rusiyalı olimpiya çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Davit Çakvetadzeni üstələyib.  

Beləliklə, Abbasov ötən il Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında bürünc medal uğruna görüşdə Ermənistan təmsilçisi Artur Şahinyana məğlubiyyətin əvəzini çıxıb. Yarımfinalda onun rəqibi belaruslu Nikolay Stadub olacaq. 

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Elvin Mürsəliyev (77 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulub. Onlardan Əzizli və Məmmədov da yarımfinala yüksəlib. Mürsəliyev və Şəriəti isə ilk görüşdə məğlub olublar. Lakin hər iki güləşçi bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılma şanslarını qoruyurlar. 

Son xəbərlər

Orphus sistemi