Prezident İlham Əliyev: "İnkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir"

Prezident İlham Əliyev: "İnkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir" "2016-cı il Azərbaycanın idman tarixində xüsus yer tutub"
Fərdi
23 Dekabr , 2016 14:17
Prezident İlham Əliyev: İnkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir

Bakı. 23 dekabr. REPORT.AZ/ "Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Bir daha demək istəyirəm ki, bundan sonra da idmanın, Olimpiya hərəkatının uğurlu inkişafı daim diqqət mərkəzində olacaq".

"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev MOK-da 2016-cı ilin idman yekunlarına həsr olunmuş mərasimdə deyib.

Dövlət başçısı bildirib ki, son 19 il ərzində görülən işlər göz qabağındadır: "Biz hər ilin sonunda ənənəvi olaraq idmançılarla görüşürük. Bu ənənə artıq 20 ilə yaxındır ki, davam edir. Hər il idmançılarımızı mükafatlandırırıq, onları təbrik edirik və əlbəttə ki, biz bu il də bu ənənəyə sadiqik. Artıq 20 ilə yaxındır ki, mən Milli Olimpiya Komitəsinin prezidenti kimi bu görüşləri keçirirəm. Fürsətdən istifadə edərək bu il də yenidən məni Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçən Milli Olimpiya Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Yəni, bu, müsbət dinamikadır. Əslində dinamika hər bir məsələnin təhlili üçün əsas amildir. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. Bununla bərabər, mən yaxşı xatırlayıram ki, 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənmişdir ki, böyük nəticə qazanılıb, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq".

"Bu il bizim idmançılarımız beynəlxalq yarışlarda yüzlərlə medal qazanmışlar. Yəni, bütün beynəlxalq yarışlarda Azərbaycan bayrağı dalğalanır. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələr arasında keçirilən bütün beynəlxalq idman tədbirlərində Azərbaycan ləyaqətlə təmsil olunur. Son illər ərzində çox güclü idmançılar nəsli yetişib. Gənclərimiz - müstəqillik dövründə doğulan, yetişən idmançılar bu gün şöhrətimizi yüksəklərə qaldırırlar. 2016-cı il ölkəmizin idman tarixində xüsusi yer tutacaq. İlk növbədə, ona görə ki, biz bu il Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq. Bu Oyunlarda 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan medalların sayına görə bu ölkələr arasında 18-ci yerə layiq görülüb. Bu, böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, eyni zamanda, dövlətimizin gücünü göstərir. Çünki ancaq inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir və gözəl idman nəticələri vardır. Əgər yüksək yerləri tutan ölkələrin siyahısına baxsaq görərik ki, onların mütləq əksəriyyəti zəngin və inkişaf etmiş ölkələrdir. O ölkələrdir ki, onlarda dövlətçilik ənənələri çox böyükdür. Bizim isə cəmi 25 yaşımız var. Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və idmançılarımızın qələbəsi bu bayram günlərinə gözəl bir hədiyyə olmuşdur. Yay Olimpiya Oyunlarında medalların sayına görə 18-ci yeri tutmaq doğrudan da böyük və tarixi qələbədir. Onu da qeyd etməliyəm və bunu Azərbaycan idman ictimaiyyəti bilir, istəyirəm ki, bütün vətəndaşlar da bir daha bunu eşitsinlər, biz Avropa ölkələri arasında 7-ci yerdəyik, dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik, MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdəyik. Bu parlaq qələbə münasibətilə mən bir daha bütün idmançılarımızı, məşqçiləri, bütün idman ictimaiyyətini təbrik etmək istəyirəm. Rioda qazandığımız böyük qələbə, eyni zamanda, onu göstərir ki, ötən il Bakıda keçirilmiş Avropa Oyunlarında əldə etdiyimiz uğurlar təsadüfi deyildi. Biz o Oyunlarda da çox böyük nəticə göstərmişik, 56 medal qazanmışıq və komanda hesabında 2-ci yerə layiq görülmüşük. Rio Olimpiya Oyunlarının bir göstəricisini də diqqətinizə çatdırmaq istəyirəm. Biz bu Oyunlarda 56 idmançı ilə təmsil olunmuşuq və 18 medal qazanmışıq. Bu göstəriciyə görə biz iştirak etmiş bütün ölkələr arasında birinci yerdəyik" - Prezident İlham Əliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi