Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 57 kq. çəki dərəcəsi üzrə son təsəlliverici qarşılaşmada rəqib bolqarıstanlı Vladimir Dubov olub.
Görüşün əvvəlində Dubov 4 xalla irəli çıxıb. Əliyev tezliklə xallardan ikisinin əvəzini çıxıb. İkinci hissədə isə rəqibinə fənd tətbiq edərək, onun kürəyini yerə vurub.
Beləliklə, Hacı Əliyev olimpiadada Azərbaycanın aktivinə 12-ci medalı qazandırıb.
***19 avqust, 23:38
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev bürünc medal uğrunda ilk təsəlliverici görüşünə çıxıb.
"Report"un məlumatına görə, 57 kq. çəki dərəcəsində yer alan 25 yaşlı pəhləvan qazaxıstanlı Nurislam Sanayevlə üz-üzə gəlib.
Görüş Əliyevin 10:8 hesablı qələbəsi ilə yekunlaşıb. Bürünc medal uğrunda son görüşdə o, bolqarıstanlı Vladimir Dubovla üz-üzə gələcək.