Bakı. 16 yanvar. REPORT.AZ/ Formula 1 yarışının Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) İngiltərənin Birminhem şəhərində yerləşən “NEC Arena”da keçirilən sayca 28-ci Beynəlxalq Avtoidman Sərgisində növbəti dəfə stend açıb.
“Report” xəbər verir ki, stenddə sərgi ziyarətçilərinə çəkilişdə iştirak edərək Azərbaycana ikinəfərlik səyahət paketi və yarış bileti qazanmaq, eləcə də simulyatorlarda BŞH-də yarışmaq imkanı təqdim olunub.
Həmçinin ziyarətçilərə Formula 1-in ən yeni şəhər treki olan BŞH və satışda olan müxtəlif bilet seçimləri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Beynəlxalq Avtoidman Sərgisi hər il Formula 1 yarış mövsümü öncəsi qapalı məkanda keçirilən dünyanın ən böyük avtoidman sərgisidir. Sərgi çərçivəsində ziyarətçilərə Formula 1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı, avtoidman və avtomobil sahələrinə dair son yeniliklərlə əyani şəkildə tanışlıq imkanı təqdim olunur.