Rusiyalı pilot Sergey Sirotkin "Formula 1"də çıxış edən "Reno" komandasının 2020-ci ilin sonunadək ehtiyat pilotu olacaq.
"Report" komandanın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı sürücü yarışlarda iştirak edə biləcək. "Reno" mövsümün sonunda Daniel Rikkardo və Esteban Okonla yollarını ayıracaq, komandanın 2021-ci ildə hansı piltolarla çıxış edəcəyi bəlli deyil.
Sirotkin "Reno"nun ehtiyat pilotu kimi qaldığı üçün şad olduğunu söyləyib. O, komandanı çox yaxşı tanıdığını və 2019-cu ildə bütün mövsümü burada olduğunu xatırladıb. Qeyd edək ki, Sergey Sirotkin 2018-ci ildə "Williams"ın əsas pilotu olub. "Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Mövsümə Avstriyada (3 - 5 iyul və 10 - 12 iyul) start veriləcək. Daha sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.