İtaliya Avtomobil Klubunun prezidenti Angelo Stiççi ölkəsinin "Formula 1" üzrə Azərbaycan Qran-prisini əvəzləməsini təklif edib.
"Report" "F1only.fr" saytına istinadən xəbər verir ki, dünya çempionatının kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkəti 2020-ci ildə bu ölkədə ikinci Qran-prinin keçirilmə ehtimalını araşdırır.
Bildirilib ki, şirkət sentyabrda Azərbaycanda Qran-pri təşkil etmək istəsə də, yarışın keçiriləcəyinə qəti təminat yoxdur. Çünki Bakıda infrastrukturu qurmaq üçün müəyyən vaxt lazımdır. Digər tərəfdən, Azərbaycan tərəfi yarışı azarkeşsiz keçirməkdə maraqlı deyil.
Bu plan gerçəkləşəcəyi təqdirdə, 6 sentyabrda ilk İtaliya Qran-prisi, 13 sentyabrda isə ikincisi olacaq. İtaliyadakı ikinci yarış Mucello, İmola və ya Monzada keçirilə bilər. Bunlardan Montsa seçilərsə, birinci Qran-Pridən 1 həftə sonra, yəni sentyabrın 13-də keçirilmə ehtimalı var. Bununla belə, İtaliya Qran-prisində azarkeşlərin olacağı bəlli deyil.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.