Azərbaycanlı güləşçi: "Erməni ilə görüşə əlavə motivasiya ilə çıxmışdım"

Azərbaycanlı güləşçi: "Erməni ilə görüşə əlavə motivasiya ilə çıxmışdım" Bu, mənim beynəlxalq yarışlarda ilk uğurumdur. Final görüşü bir gün əvvəl olsaydı, qızıl medalı əldən verməzdim. İlk yarış günündə özümü çox yaxşı hiss edirdim. Mən də qızıl medal qazanmaq istəyirdim.
Fərdi
10 Aprel , 2019 14:13
Azərbaycanlı güləşçi: Erməni ilə görüşə əlavə motivasiya ilə çıxmışdım

"Bu, mənim beynəlxalq yarışlarda ilk uğurumdur. Final görüşü bir gün əvvəl olsaydı, qızıl medalı əldən verməzdim. İlk yarış günündə özümü çox yaxşı hiss edirdim. Mən də qızıl medal qazanmaq istəyirdim".

Bunu "Report"a açıqlamasında Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Ağahüseyn Mustafayev deyib. 70 kq çəki dərəcəsindəki 30 yaşlı pəhləvan finaladək güləşdiyi idmançıların da çətin rəqib olduqlarını söyləyib. O, birinci mərhələdə məğlub etdiyi rusiyalı Məhəmmədrəsul Hazıməhəmmədovun 2 qat dünya çempionu olduğunu xatırladıb: "İkinci rəqibim isə Ermənistan güləşçisi David Safaryan idi. O da dünya və Avropa çempionatında qalibi olub. Buna baxmayaraq, Safaryana tam üstünlüklə qalib gəldim".

MOİK-in idmançısı bildirib ki, Ermənistan təmsilçisi ilə görüşə əlavə motivasiya ilə çıxıb: "Əsas məqsədim məğlub olmamaq idi. İdmanda hər şey ola bilər. Özümü elə hazırlamışdım ki, ona heç vaxt uduza bilmərəm. Həmin görüşə əlavə motivasiya ilə çıxdım. Bu, Azərbaycanın bütün idmançılarında belədir. Onların hamısı mənim düşündüyüm kimi fikirləşirlər. Erməni ilə düşəndə əlimizdən gələnin artığını edirik. Çünki bizə xalq baxır. Cavanlar üçün nümunə olmalıyıq".

Qeyd edək ki, Ağahüseyn Mustafayev finalda türkiyəli Mustafa Kayaya 2:6 hesabı ilə uduzub.   

Son xəbərlər

Orphus sistemi