Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir" "Bu ada layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir".
Fərdi
4 Oktyabr , 2022 14:44
Elnur Məmmədli: Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir
Elnur Məmmədli

"Bu ada layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Prezident İlham Əliyevin Sərəncamına əsasən “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı alması ilə bağlı danışarkən deyib.

ACF-nin 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətlərinə görə təltif olunan Olimpiya çempionu Sərəncamı görəndə çox sevindiyini və xoşbəxt olduğunu bildirib: "Uğurlarımız Prezident İlham Əliyevin idmana olan diqqət və qayğısı nəticəsində əldə olunur. Bu ada layiq görüldüyümə görə sevincimin həddi-hüdudu yox idi. Ölkə başçısı digər idman növlərinə olduğu kimi, cüdoya da xüsusi diqqət ayırır".

ACF rəsmisi bundan sonra da var gücü ilə Azərbaycan Respublikasına xidmət edəcəyini söyləyib: "Biz gələcəyin Avropa, dünya və Olimpiya çempionlarını yetişdirəcəyik. Əlimizdən gələni edəcəyik ki, belə sərəncamlar digər idmançılar və mütəxəssislərimizə də şamil olunsun. Prezident İlham Əliyevin dəstəyini bütün idman ictimaiyyəti görür. Yüksək nailiyyətlər əldə etmək üçün öz üzərimizdə daim çalışmalıyıq. Bu, tək mənim mükafatım deyil. Həm də Azərbaycan Cüdo Federasiyasının uğurudur. Bu işi tək bacarmazdım, kollektiv olaraq bunu əldə etdik və Prezident İlham Əliyev bizi mükafatlandırdı".

Qeyd edək ki, Elnur Məmmədli dəfələrlə cüdo üzrə Avropa və dünya çempionatlarının mükafatçısı, Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi olub. O, 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi