Bakı. 2 may. REPORT.AZ/ Danimarka “Formula 1” üzrə Qran Pri yarışının təşkili üçün Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir.
“Report” BT-yə istinadən xəbər verir ki, paytaxt Kopenhagendə şəhər treki hazırlamaq istəyən skandinaviyalılar bu məqsədlə Azərbaycan Qran Prisinin keçirildiyi 27 – 29 apreldə Bakıda olublar.
İş adamı Lars Seyer Kristensenlə birgə Azərbaycanın paytaxtına gələn jurnalist Helge Sander bildirib ki, aprelin 27-də Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimovla görüşləri olub. Onlar həmçinin “Haas” komandasının meneceri Günter Ştayner və danimarkalı pilot Kevin Maqnussenlə bir araya gəliblər.
Bakı Şəhər Halqasının (BŞH) memarı Herman Tilke də “Formula 1” üzrə dünya çempionatının Danimarkanın paytaxtında keçirilməsinə müsbət yanaşdığını bildirib: “Kopenhagen “Formula 1”in keçirilməsi üçün əla yer olacaq. Şəhər unikaldır və sxem arxa fondakı binalarla birgə gözəl olacaq”.
Məlumatı "Report"a açıqlamasında Bakı Şəhər Halqasi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai də təsdiqləyib: "Danimarkadan gələn nümayəndələr, şəhər tipli trasda "Formula 1" yarışının keçirilməsi təcrübəsi ilə maraqlanırdılar. Bizim təcrübəmizi daha yaxından öyrənmək üçün gəlmişdilər".
Qeyd edək ki, hazırda "Formula 1" təqvimində 3 şəhər treki var - Bakı, Monte-Karlo və Sinqapur. Dünya çempionatı isə 21 ölkədə keçirilir. Sonuncu Azərbaycan Qran Prisinin qalibi “Mercedes” komandasının pilotu Lüis Hemilton olub.