Bu gün “Formula 1” üzrə Azərbaycan Qran Prisinə start veriləcək

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran Prisinə start veriləcək Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 27-də “Formula 1” üzrə Azərbaycan Qran Prisinə start veriləcək.
Fərdi
27 Aprel , 2018 07:00
Bu gün “Formula 1” üzrə Azərbaycan Qran Prisinə start veriləcək
Report/ Elshan Baba

Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 27-də “Formula 1” üzrə Azərbaycan Qran Prisinə start veriləcək.

“Report”un məlumatına görə, bu, mövsümün dördüncü yarışı olacaq. Avtoidman həvəskarları Avstraliya, Bəhreyn və Çindən sonra diqqətlərini Odlar Yurduna yönəldəcəklər. Əvvəlki yarışdan ilk ikisində “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel qalib olub. Şanxayda isə ötən il Bakıda birinci yeri tutan “Red Bull”un sürücüsü Daniel Rikkardo rəqiblərini qabaqlayıb.

Ümumiyyətlə, mövsüm 21 Qran Pridən ibarətdir: 

Tarix Qran Pri Trek Uzunluq (metr) Dövrə
23 – 25 mart Avstraliya Albert-Park 5303 58
6 – 8 aprel Bəhreyn Sahir 5412 57
12 – 15 aprel Çin Şanxay 5451 56
27 – 29 aprel Azərbaycan Bakı 6003 51
11 – 13 may İspaniya Barselona 4655 66
25 – 27 may Monako Monte-Karlo 3337 78
8 – 10 iyun Kanada Monreal 4361 70
22 – 24 iyun Fransa Le-Kastelle 5842 53
29 iyun – 1 iyul Avstriya Şpilberq 4318 71
6 – 8 iyul Böyük Britaniya Silverstoun 5891 52
20 – 22 iyul Almaniya Hokkenhaym 4574 67
27 – 29 iyul Macarıstan Hunqarorinq 4381 70
24 – 26 avqust Belçika Spa 7004 44
31 avq. – 2 sent. İtaliya Montsa 5793 53
14 – 16 sentyabr Sinqapur Marina-Bey 5065 61
28 – 30 sentyabr Rusiya Soçi 5848 52
5 – 7 oktyabr Yaponiya Suzuka 5807 53
19 – 21 oktyabr ABŞ Ostin 5513 56
26 – 28 oktyabr Meksika Mexiko 4304 71
9 – 11 noyabr Braziliya San-Paulu 4309 71
23 – 25 noyabr Abu-Dabi Yas-Marina 5554 55

Pilotların sıralamasında ilk pillədə Sebastyan Fettel qərarlaşıb. Onun hesabında 54 xal var. “Üçlüy"ü “Mercedes”in pilotları qapayırlar. Ötənilki dünya çempionatının qalibi Lüis Hemilton 45 xalla ikincidir. O, komanda yoldaşı Valtteri Bottası 5 xal qabaqlayır. 2017-ci il Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo isə 37 xalla 4-cü sıradadır. Ümumilikdə, 6 pilot Bakıya hesabında xal olmadan gəlib.

Yer Pilot Komanda Nömrə Avstraliya Bəhreyn Çin Xal
1 Sebastyan Fettel Ferrari 5 1 1 8 54
2 Lüis Hemilton Mercedes 44 2 33 4 45
3 Valtteri Bottas Mercedes 77 8 2 2 40
4 Daniel Rikkardo Red Bull 3 4 DNF 1 37
5 Kimi Raykkonen Ferrari 7 3 DNF 3 30
6 Fernando Alonso McLaren 14 5 7 7 22
7 Niko Hülkenberq Renault 27 7 6 6 22
8 Maks Ferstappen Red Bull 33 6 DNF 5 18
9 Pyer Qasli Toro Rosso 10 DNF 4 18 12
10 Kevin Maqnussen Haas 20 DNF 5 10 11
11 Stoffel Vandorn McLaren 22 9 8 13 6
12 Karlos Sayns Renault 55 10 11 9 3
13 Markus Eriksson Sauber 9 DNF 9 16 2
14 Esteban Okon Force İndia 31 12 10 12 1
15 Serxio Peres Force İndia 11 11 16 12 0
16 Şarl Lekler Sauber 16 13 12 19 0
17 Romen Qrojan Haas 8 DNF 13 17 0
18 Lens Stroll Williams 18 14 14 14 0
19 Sergey Sirotkin Williams 35 DNF 15 15 0
20 Brendon Hartli Toro Rosso 28 15 17 20 0

*DNF – Finiş etməyib

Konstruktorlar Kubokunda hələlik ilk pillədə ötənilki yarışın qalibi olan “Mercedes” komandası qərarlaşıb. Almaniya təmsilçisinin 85 xalı var. İkinci sıradakı “Ferrari” 84, “Red Bull”un isə 55 xala malikdir.

Yer Komanda Ölkə Xal
1 Mercedes Almaniya 85
2 Ferrari İtaliya 84
3 Red Bull Racing Tag Heuer Avstriya 55
4 McLaren Renault Böyük Britaniya 28
5 Renault Böyük Britaniya 25
6 Scuderia Toro Ross Honda İtaliya 12
7 Haas Ferrari ABŞ 11
8 Sauber Ferrari İsveçrə 2
9 Force İndia Mercedes Hindistan 1
10 Williams Mercedes Böyük Britaniya 0

Bakı üç gün ərzində “Formula 1” ilə yanaşı, “Formula 2” yarışına da ev sahibliyi edəcək. Bu səbəbdən, Qran Prinin təqvimi hər ikisini əhatə edir. Əsas diqqət mərkəzində olacaq “Formula 1”də sərbəst yürüşlər bu gün  gerçəkləşəcək. Birinci sərbəst yürüş saat 13:00 - 14:30-da, ikincisi isə 17:00 - 18:30-da baş tutacaq.

Aprelin 28-də saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Ertəsi gün isə saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran Prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

Azərbaycan Qran Prisinin təqvimi

27 aprel

11:00 - 11:45. “Formula 2” – Sərbəst yürüş

13:00 - 14:30. “Formula 1” – Birinci sərbəst yürüş

15:00 - 15:30. “Formula 2” – Sıralama turu

17:00 - 18:30. “Formula 1” – İkinci sərbəst yürüş

28 aprel

12:00 - 13:05. “Formula 2” – Birinci yarış (29 dövrə və ya 60 dəqiqə)

14:00 - 15:00. “Formula 1” – Üçüncü sərbəst yürüş

17:00 - 18:00. “Formula 1” – Sıralama turu

29 aprel

13:10 - 14:00. “Formula 2” – İkinci yarış (21 dövrə və ya 45 dəqiqə)

14:40 - 15:10. Pilotların paradı

15:00 - 15:25. Açılış mərasimi

15:56-15:58. Dövlət himni

16:10-18:00. “Formula 1” – Qran Pri (51 dövrə və ya 120 dəqiqə)

“Formula 1” üzrə Azərbaycan Qran Prisi pilotların mübarizəsi ilə yanaşı, əyləncə tədbirləri ilə də zəngin olacaq. Dənizkənarı Bulvar boyunca uzanan “Formula 1” Azarkeşlərin Əyləncə Zonasında 26 - 29 apreldə yarışı izləməyə gələn avtoidman həvəskarlarına bir-birindən zövqlü yeni əyləncələr təqdim ediləcək.

Əyləncə tədbirləri aprelin 27-28-də saat 10:00-dan 19:00-dək və aprelin 29-da saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı 27 - 29 apreldə axşam saatlarından başlayaraq Bakı Kristal Zalında bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə gec saatlaradək davam edəcək.

Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş “Formula 1” Azarkeş Zonasında yerləşən Abşeron tribunası tərəfdən olacaq.

Bundan başqa, “Formula 1” Azarkeş Zonasında builki Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 27 - 29 apreldə saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər.

Bu il tamaşaçılar “Formula 1”in yeni pilotları ilə yanaşı, Bakı Şəhər Halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Aprelin 28-də Azarkeş Zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.

Həmçinin aprelin 28-dək yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddət ərzində trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı tanış ola biləcəklər.

Ötən illərdəkindən fərqli olaraq, bu il tamaşaçıları salamlama mərasiminin açılışı Pilotların Paradından əvvəl baş tutacaq. Musiqili tamaşa formasında keçəcək mərasimin açılışından dərhal sonra pilotlar xüsusi nəqliyyat vasitəsilə Bakı Şəhər Halqasında dövrə vuraraq trek ətrafında olan tamaşaçıları salamlayacaqlar.

Bundan bir qədər sonra yarışa start verilməzdən əvvəl himn mərasimi keçiriləcək. Azərbaycan himni səsləndikdən sonra pilotlar qrid düzülüşündə yer alan bolidlərə yaxınlaşaraq yarış üçün son hazırlıqlarını görəcəklər. Yeni qaydaya əsasən, bu il qrid qızları olmayacaq və onların əvəzində pilotları yalnız himn mərasimində 7 - 10 yaşlı uşaqlar müşayiət edəcəklər.

Tamaşaçılar “Formula 1” Azarkeş Zonasında yerləşən Formula 1-ə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə məxsus simulyatorlarda yarışmaq imkanı əldə edəcəklər. Bu yarışlarda ən sürətli nəticə göstərən tamaşaçıya dəyərli mükafatlar veriləcək. Bununla yanaşı, müxtəlif növ əyləncəli oyunlar, o cümlədən pit-stop yarışı da keçiriləcək.

Bütün bilet sahibləri 27 - 29 apreldə axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-də əvvəlcə səhnəyə “Jamiroquai” qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojack-ın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-də bir-birinin ardınca səhnədə Kristina Agilera ilə Axwell Λ Ingrosso, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveyq yer alacaq. Həmçinin, proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər. Əvvəlki illərdən fərqli olaraq, bu il dünya ulduzlarının konsert proqramları Bakı Kristal Zalında keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün Azneft dairəsi ilə Kristal Zal arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşqusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara sirk və balans şouları, pantomima aktyorları və ağacayaqların orijinal hərəkətləri, müxtəlif yerli DJ-lərin və müğənnilərin musiqili əyləncə proqramları, küçə rəqsləri, eləcə də digər maraqlı nömrələr daxildir.

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar üçün dəbilqə formasında əyləncə mərkəzi fəaliyyət göstərəcək. Həmçinin uşaqlar müxtəlif interaktiv və maarifləndirici oyunlarda da iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

Dənizkənarı bulvar boyunca uzanan “Formula 1” Azarkeş Zonasının müxtəlif yerlərində tamaşaçılara şəkil və selfi çəkdirmək üçün fərqli arxafonlar, o cümlədən, Azərbaycan Qran Prisinə aid podium və haştaqlar, “Formula 1” pilotlarının heykəlləri və onları təsvir edən maskotlar, divar və yerüstü rəsmlər, yarışların keçirildiyi treklərin sxemləri, milli ornamentli bolidlər və retro avtomobillər təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi