Boks yığmasının məşqçisi: "Avropa çempionatında hakimlərin bizə qarşı qərəzli mövqeyinin şahidi olduq"

Boks yığmasının məşqçisi: "Avropa çempionatında hakimlərin bizə qarşı qərəzli mövqeyinin şahidi olduq" "Bizim hardasa 4 medalımız olmalı idi"
Fərdi
2 Aprel , 2018 06:15
Boks yığmasının məşqçisi: Avropa çempionatında hakimlərin bizə qarşı qərəzli mövqeyinin şahidi olduq
Report

Tırqı-Jiu. 2 aprel. REPORT.AZ/ “56 kq çəki dərəcəsində final döyüşündə Tayfur Əliyev Rumıniya boksçusu Robert Jitaru üzərində təmiz qələbə qazandı və hesab edirəm ki, qalibiyyət bizim olmalı idi”.

Bunu 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında 56 kq. çəkidə keçirilən final döyüşündən sonra kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev “Report”un Şərqi Avropa bürosuna açıqlamasında deyib.

O, əlavə edib ki, gərgin keçən final döyüşündə hakimlər qələbəni rumıniyalı boksçuya verməklə Azərbaycana qarşı haqsızlıq ediblər:

“Siz özünüz də şahidi oldunuz ki, finala vəsiqə qazanan bütün rumın boksçular hamısı məğlubiyyətlə üzləşdilər. Son qızıl ümidləri isə Robert Jitaruya idi. Doğma divarlar arasında keçirilən yarışda Rumınlar çalışırdılar ki, bir qızıl medal əldə etsinlər. Ona görə də bizim döyüş çox gərgin keçdi. Misal üçün deyim ki, vurulan zərbələrdən də görünürdü ki, “açıq” idi və hakimlər onun tərəfini saxlayırdı”.

Böyük məşqçi vurğulayıb ki, Azərbaycan boksçusu final döyüşünü çox yüksək səviyyədə keçirib:

"Hesab edirəm ki, Avropa çempionatı Rumıniyada yox, başqa ölkədə təşkil olunsaydı, final döyüşünün qalibi Tayfur olardı. Çünki açıq-aydın görünürdü ki, 1 və 3-cü raundlarda Tayfur rəqib üzərində təmiz qələbə çaldı. Hesab edirəm ki, bu qələbə bizim olmalı idi”.

N.Abdullayevin sözlərinə görə, qitə birinciliyində Azərbaycan milli komandasının üzvləri çoxsaylı hakim haqsızlıqları ilə üzləşiblər:

“Boksçularımızın döyüşlərinin videoyazılarına sonradan baxan zaman hakimlərin qərəzli mövqeyi və 3-2 hesabı ilə bizim idmançıları uduzdurmalarının şahidi oluruq. Bizim hardasa 4 medalımız olmalı idi. O ki qaldı ağır çəkidə Məhəmməd Abdullayevə, yarımfinaladək güclü idmançılar üzərində qələbə qazansa da, finalın bir addımlığında imkanlarından zəif çıxış edərək özündən zəif idmançıya məğlub oldu”.

Ötən gün başa çatan 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında milli yığmamız 1 gümüş və 1 bürünc medal qazanaraq ümumi siyahıda 37 ölkə arasında 15-ci pilləni tutub. 

Son xəbərlər

Orphus sistemi