Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti: “Azərbaycanı çox bəyənir və sevirəm"

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti: “Azərbaycanı çox bəyənir və sevirəm" Tamaş Ayan: "Görülən işlər nəticə verməsə, ağırlıqqaldırmanın növbəti olimpiadada mövcudluğu şübhə altına düşəcək”
Fərdi
20 Sentyabr , 2018 12:50
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti: “Azərbaycanı çox bəyənir və sevirəm
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Burada olmaqdan çox şadam. Azərbaycan mənim üçün çox yaxın və əziz ölkədir. Ağırlıqqaldırma ilə bağlı məsələləri Azərbaycan Ağır Atletika Federasiyasının prezindeti Cahangir Əsgərovla müzakirə etdik”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayanın Bakıda təşkil etdiyi mətbuat konfransında deyib. O, bildirib ki, ötən müddət ərzində ağırlıqqaldırma idman növü ciddi problemlərlə üzləşib: “Bakıya səfərim qısamüddətlidir. Burada cüdo üzrə dünya çempionatı kimi mötəbər turnir başlayıb. Təəssüf ki, çox qala bilməyəcəm. Azərbaycan xalq olaraq, ağırlıqqaldırma idmanını sevir. Kifayət qədər yaxşı nəticələr olub. 9 iyun 2017-ci ildə IWF çox ciddi qərarlar qəbul edib. Əfsuslar olsun, 2008 və 2012-ci il Yay Olimpiya Oyunlarında iştirak edən bir sıra ağırlıqqaldıranlardan götürülmüş nümunələr müsbət nəticə verib və cəzalar tətbiq olunub. Bu, bizim üçün yaxşı dərs oldu. Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax mənə zəng edərək, bildirdi ki, məsələ çox ciddi hal alıb və bunun qarşısı alınmasa, ağırlıqqaldırma olimpiadanın proqramından çıxarıla bilər. Onun reaksiyası çox anlaşılandır. İdmançıların qadağan olunmuş maddələr qəbul etməməsi üçün çalışmalıyıq. Dopinqlə mübarizə üçün iki - Təmiz İdman Komissiyası və İdman Proqramı Komissiyası təsis etdim. Bu istiqamətdə görülən işlər nəticə verməsə, ağırlıqqaldırmanın növbəti Yay Olimpiya Oyunlarında mövcudluğu şübhə altına düşəcək”.

T.Ayan son illər Azərbaycanda ağırlıqqaldırmanın inkişafı üçün görülən işlərin təqdirəlayiq olduğunu söyləyib: “Azərbaycanı çox bəyənir və sevirəm. Ən yaxşı milli federasiya rəhbərlərindən biri Cahangir Əsgərovdur. Onun bu istiqamətdə gördüyü işlər fantastikdir. Vitse-prezident Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və digərlərinin gördükləri işlər təqdirəlayiqdir. Yeni idman zallarının açılması, inventarların alınması Azərbaycanda bu idman növünün inkişafına müsbət təsir etməkdədir. Ona görə də Azərbaycanın 1 illik cəza alan 9 ölkə siyahısında olmasına təəssüflənirəm. Beynəlxalq Anti-Dopinq Agentliyi ilə müqaviləmiz var. Onlar heç bir xəbərdarlıq etmədən həmin 9 ölkəyə səfər edə, təftiş apara bilərlər. Bu, bir mexanizmdir. Adını çəkməyəcəyəm, elə ölkə var ki, oradan qan nümunəsi çıxartmaq olmaz. Bu da ümumi işə mənfi təsir edir. Qan nünumələrinin analizi beynəlxalq səviyyədə təsdiq olunmuş laborotoriyalarda aparıla bilər. Hər 4 aydan bir idmançılar üçün dopinq barədə maarifləndirmə görüşləri təşkil edilməlidir. Milli federasiyalar təlim-məşq toplanışlarına gedən zaman bu barədə IWF-yə məlumat verməlidir ki, onlardan gözlənilmədən analiz götürmək mümkün olsun. Ölkələrdəki dopinq agentlikləri ilə də sıx əlaqədəyik. Bütün bu sadaladığım meyarlara ilk əməl edən ölkələrdən biri Azərbaycandır. Biz bildirimişdik ki, cəzaya məruz qalan ölkələr meyarlara vaxtında əməl etsələr, onların 1 illik diskvalifikasiyasının müddəti azaldıla bilər. Azərbaycanı çox yaxşı tərəfdaş kimi görürük. İyunun 11-də Təmiz İdman Komissiyası mənə hesabat verdi ki, Azərbaycan meyarlara tam əməl edib. Ona görə də bu ölkənin yenidən beynəlxalq yarışlara qatılmasına icazə verildi. Bu baxımdan, Azərbaycan cəzası yüngülləşdirilənlər arasında ilk ölkə oldu. Azərbaycan idmançıları Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edə biləcəklər. Bu, müştərək əməyin nəticəsidir”.

Qeyd edək ki, 2017-ci il sentyabrın 30-da 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında ağırlıqqaldıranların dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən 9 ölkəyə - Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Çin, Moldova, Türkiyə, Ermənistan və Ukrayna diskvalifikasiya olunub. Lakin daha sonra 50 min dollar cərimə ödəyən Azərbaycanın cəzası 1 ildən 8 aya endirilib. Nəticədə Azərbaycan idmançıları Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında və Türkmənistanın paytaxtı Aşqabadda təşkil olunacaq dünya çempionatında təmsil olunacaqlar.

Son xəbərlər

Orphus sistemi