Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda fərdi yarışların qalibləri mükafatlandırılıb.
"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında kişi və qadınlar arasında baş tutan turnirdə ilk üç yeri tutanlar üçün mükafatlandırma mərasimi təşkil olunub.
Kişilərdə qazaxıstanlı Danil Mussabayev, qadınlarda isə braziliyalı Kamilla Qomes Dünya Kubokunun qalibi olub. Qadınların yarışında Azərbaycanı təmsil edən Selcan Mahsudova da fəxri kürsüyə qalxıb. 20 yaşlı gimnast bürünc medala layiq görülüb.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov və İspaniya Gimnastika Federasiyasının baş katibi İqnasio Marron təqdim edib.
Qeyd edək ki, Dünya Kuboku bu gün qadın və kişilərin sinxron cütlərinin yarışı ilə başa çatacaq.