"Deyə bilərik ki, artıq idmançımız olimpiadada iştirak üçün lisenziya xalını toplayıb. Onun Paris 2024 Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəyinə və yüksək nəticə göstərəcəyinə inanırıq".
Bunu "Report"a açıqlamasında Azərbaycan Triatlon Federasiyasının baş katibi Seymur Hüseynov yığmanın aparıcı üzvü Rostislav Pevtsov barədə danışarkən deyib.
Funksioner qurum tərəfindən 36 yaşlı atletin nəticəsini yaxşılaşdırmaq üçün bütün tələblərinin qarşılandığını bildirib: "Onun mütəmadi olaraq məşqlərini və yarışlarda iştirakını təmin edirik. Rostislav Pevtsov həqiqətən də perspektivli triatlonçudur. Bu səviyyədə olmasının əsas səbəbi özünə qarşı tələbkarlığıdır. Ümumiyyətlə, idmançı yarışlarda yüksək nəticə əldə etmək istəyirsə, mütləq şəkildə düzgün qidalanmaya və məşqlərdə davamiyyətə məsuliyyətlə yanaşmalıdır".
Federasiyası rəsmisi Rusiyada təşkil edilən “Ironstar Sprint Sochi Sirus 2023” turnirində birinci yeri tutan Toğrul Məmmədli haqqında da danışıb: "O, hazırda peşəkar triatlonçu kimi ölkədə ən yaxşı yerli idmançıdır. Onun haqqında planlarımız daha böyükdür. 2024-cü ildə Toğrulun beynəlxalq yarışlarda iştirakını artırmaq və nəticəsinin maksimum yaxşılaşdırılmasını planlaşdırmışıq. Onun bu səviyyədə olması yığmanın digər üzvlərinin də inkişafına dəstəkdir. Toğrul Məmmədlinin və digər yerli idmançıların da olimpiadada ölkəmizi təmsil etmələri üçün əlimizdən gələni edirik".
Seymur Hüseynov 2023-cü ildə gördükləri işlərdən də söz açıb: "Olimpiya növü olan triatlon ölkəmizdə 2013-cü ildə yaradılıb. Sonrakı 10 il ərzində keçdiyi yola nəzər salsaq, deyə bilərik ki, həqiqətən də 2023-cü ildə daha böyük işlər görülüb. Triatlon klublarının yaranmasının və uşaq triatlonunun inkişafı istiqamətində 2023-cü ilin son 9 ayı ərzində həyata keçirilmiş layihələrin, perspektiv üçün planın ilkin mərhələsinin uğurlu başlanğıc olduğunu deyə bilərik. Federasiyaya yeni seçilmiş prezident Fərid Fərhadzadənin həvəskar triatlonla uzun illər məşğul olması onun bu idman növünün sürətli inkişafına töhfə verəcəyi gözlənilən idi. Fərhadzadə İdarə Heyətinin üzvləri ilə keçirdiyi ilk iclasda qarşımıza bir sıra tələblər qoydu. Bunlar federasiyanın yeni loqosunun və milli komandanın yeni geyim formasının hazırlanması, yığmada olan idmançıların məşqlərdə və yarışlarda iştirakı üçün bütün tələbatlarını qarşılamaq, məşq keçirilən yerlərin təchizatını təmin etmək, idmançıların mütəmadi olaraq regionlarda təlim-məşq toplanışlarını təşkil etmək, federasiyanın 2024-2028-ci illər üçün strateji inkişaf planının hazırlanması, Bakı şəhərində və regionlarda uşaq triatlon klublarının yaradılması, yerli idmançıların yetişdirilməsinə üstünlük verilməsi, beynəlxalq yarışlara və olimpiadalara yerli idmançıların hazırlanması, ölkədə triatlonun təbliğatını gücləndirmək və daxili yarışların yüksək səviyyədə təşkili və xarici ölkələrdə keçirilən yarışlarda yerli idmançıların iştirakını təmin etmək idi. Strategiyadan aydın oldu ki, biz maksimum çalışmalı və ilin sonuna qədər inkişafa aparan yolun mükəmməl təməlini qoymalıyıq".
Baş katib ilk olaraq qarşıya qoyulan texniki məsələlərin həlli ilə yanaşı, həm də yığma üzvlərinin təchizatını və məşq avadanlıqlarını təmin etdiklərini sözlərinə əlavə edib: "Daha sonra milli komandanın Göygöl və Quba rayonlarında təlim-məşq toplanışlarını gerçəkləşdirdik. Yerli idmançılara özgüvən hissi aşılayaraq məşqlərdə daha sıx iştiraklarını təmin etdik. Onlar ilk dəfə Türkiyədə Eğirdir Triatlon Türkiyə Kuboku, Minsk, Belarus Beynəlxalq Triatlon Turniri, Qırğızıstanda "Asiya kuboku 2023", Rusiyanın Soçi şəhərində "Ironstar sprint Sochi Sirius 2023" kimi beynəlxalq yarışlara qatıldılar. Yerli idmançılar xarici turnirlərdə debüt etsələr də, mükafatçılar sırasına düşməyi bacardılar. Millinin əsas üzvü Rostislav Pevtsovun göstərdiyi nəticələr, təbii ki, daha yüksəkdir. Lakin bizim qarşıya qoyduğumuz əsas məqsəd yerli idmançıları bu səviyyədə yetişdirməkdir. Ölkə daxilində keçirdiyimiz yarışlar, həmçinin təknövçülük üzrə digər turnirlərdə də idmançılarımızın yüksək nəticə göstərməsi yeni triatlon klublarının yaranmasına əsas verdi və 9 ay ərzində “TrikidsBaku” triatlon klubundan əlavə, 3 yeni klubun bizə qoşulmasına nail olduq. Bu klublar Sumqayıt OİK “Trisum”, Şağan OİK, “Freedom” və “Aura İdman Kompleksi”dir. Biz bu klubların gələcəkdə yeni triatlonçular yetişdirəcəyinə inanırıq. Federasiya olaraq onlara daim diqqət və qayğı göstəririk. Əvvəlki illərdə ölkəmizdə keçirilən triatlon yarışlarında yerli idmançıların (peşəkar) sayı 30-40 nəfər olurdusa, artıq bu il haqqında danışdığımız klubların və düzgün aparılmış işin nəticəsində 80-100 nəfərin iştirakının şahidi oluruq. Bu isə o deməkdir ki, triatlonun ölkədə kütləviliyi yüksək templə inkişaf etməkdədir. Bu ilin 9 ayı ərzində ümumilikdə ölkədə Azərbaycan çempionatı da daxil olmaqla 6 yarış keçirildi. Milli komandanın idmançıları ölkə xaricində keçirilən 18 yarışda iştirak etdilər".