​Baş katib: "Ötən illə müqayisədə rekord sayda qızıl medal qazanılıb"

​Baş katib: "Ötən illə müqayisədə rekord sayda qızıl medal qazanılıb" Biz uğurlarımızı davam etdirməyə çalışırıq və bunun üçün xüsusi planlar tətbiq edilir
Fərdi
16 Dekabr , 2014 10:11
​Baş katib: Ötən illə müqayisədə rekord sayda qızıl medal qazanılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ "2013-cü illə müqayisədə bu il Azərbaycan güləşçiləri medal baxımından yüksək sayla nəzərə çarpmadı. Ancaq sevindirici hal var ki, rekord sayda qızıl medal qazanılıb". Bunu "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyanın (AGF) baş katibi Əjdər Cəfərov deyib.

Ə.Cəfərovun sözlərinə görə, bu il daha çox qızıl medal qazanılmasına səbəb federasiya prezidenti Fazil Məmmədovun göstərişləri, güləşçilərin məşqlərə düzgün yanaşması və təlim-məşq toplanışının lazımi səviyyədə təşkil olunmasıdır. O, artıq 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlığın başlandığını söyləyib. Baş katib hazırlıq prosesinin birbaşa AGF-nin I vitse-prezidenti, Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin diqqətində olduğunu vurğulayıb.

Federasiya üçün ilin yekun tədbiri sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatından dərhal sonra baş tutub. Ə.Cəfərov ölkə çempionatının seçim xarakteri daşıdığını və güclülərin beynəlxalq yarışlara yollanacağını deyib: "Bu yarışda ilk üçlüyü tutmuş idmançılar yanvar, fevral və martda keçiriləcək beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəcək. Həmin turnirlərdə yüksək pillə tutan, uğurla çıxış edən idmançılar Avropa oyunları və dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Bunun üçün təlim-məşq toplanışına start verilib".

Qeyd edək ki, AGF-nin ilin yekunlarına həsr olunmuş tədbirində müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlanıb. Sədi Quliyev ən yaxşı hakim, Şaban Donat (yunan-Roma güləşi) və Əsgərxan Novruzov (sərbəst güləş) ən yaxşı baş məşqçi, Səbirə Əliyeva (qadın güləşi), İslam Abbasov (yunan-Roma güləşi) və Hacı Əliyev (sərbəst güləş) ən yaxşı güləşçi elan olunublar. 

Son xəbərlər

Orphus sistemi