Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin iclası və 47-ci Baş Assambleyasında iştirak edəcək.
"Report"un məlumatına görə, mayın 9-da işə başlayacaq tədbirə EOC İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov qatılacaq.
Mayın 10-da Ç.Hüseynzadə EOC İcraiyyə Komitəsinin iclasında iştirak edəcək.
11-12 mayda isə EOC Baş Assableyasının iclası və 39-cu seminarı keçiriləcək. Tədbirdə EOC-un prezidenti Yanes Kotsiyançiç, baş katib Rafael Panyotsi, Milli Olimpiya Komitələri Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcək. Assambleyada EOC-un illik hesabatı müzakirə olunacaq.
Həmçinin 2018-ci il Pxençxan Qış və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. 2019-cu il Minsk Avropa Oyunlarının məruzələri də dinləniləcək. EOC Baş Assambleyası çərçivəsində qış idman növləri üzrə “VII Pyotr Nurovski – Avropanın Ən yaxşı gənc idmançısı” mükafatı təqdim olunacaq.
Əlavə olaraq, Azərbaycan nümayəndə heyəti tərəfindən Bakıda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının təqdimatı olacaq. EOC-un 47-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.