Bakı. 10 iyun. REPORT.AZ/ "Hyustonda dopinqə düşmüşdüm. Bunu hər kəs bilir. Ancaq London olimpiadasında da dopinq-testdə ilişdiyimi deyirlər. Bu doğru deyil. Rəsmi olaraq Londonda dopinqə düşməyim haqda heç nə yoxdur". Bunu "Report"a açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Valentin Xristov (62 kq) deyib.
Ötən il ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında dopinq-testdən keçə bilmədiyini etiraf edən ikiqat Avropa çempionu 2012-ci il London Yay Olimpiya Oyunlarında qadağan edilmiş preparatlardan istifadə etməsi ilə bağlı məlumatları təkzib edib. 22 yaşlı atlet dünya çempionatında orqanizmindən dopinq aşkarlanması səbəbindən hansı müddətə diskvalifikasiya olunacağını bilmədiyini deyib: "Hansı cəzanın veriləcəyi hələlik məlum deyil. "Rio-2016"dan sonra qərar açıqlanacaq. Ən azı 2 ildən 4 ilə qədər cəza verə bilərlər. Ancaq ömürlük diskvalifikasiya olmayacaq".
İkinci dəfə (2013, 2015) dopinqə düşdüyünü bildirən idmançı hazırda Bakıdakı evində olduğunu söyləyib.
Qeyd edək ki, Valentin Xristof 2012 və 2015-ci illərdə Avropa çempionatının qızıl medalına sahib çıxıb. O, dopinq-testdən keçə bilmədiyi ötənilki dünya çempionatında 3-cü olub.