Bakı. 8 avqust. REPORT.AZ/ “Avropa çempionatında şanslarımı yaxşı dəyərləndirirəm. Ən azı medalçılar sırasına düşmək istəyirəm. Əsas hədəfim isə “qızıl” qazanmaqdır. Buna nail olacağıma inanıram”.
Bunu "Report"a atletika üzrə Azərbaycan millisinin üzvü Nazim Babayev Almaniyanın paytaxtı Berlində keçirilən Avropa çempionatındakı şanslarını dəyərləndirərkən deyib.
Üçtəkanla uzunluğa tullanma yarışına qatılacaq 21 yaşlı atlet qitənin ən mötəbər turnirinə yaxşı hazırlaşdıqlarını bildirib: "Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçdik. Daha sonra isə hazırlıq prosesinə Bakıda davam etdik. Avropa çempionatından öncə Belarusun paytaxtı Minskdəki beynəlxalq turnirdə iştirak etdim və 16.89 metr nəticə ilə birinci oldum. Əslində, bu da Avropa çempionatına hazırlığın bir hissəsi idi".
N.Babayev Avropa çempionatından öncə bir sıra çətinliklərlə rastlaşdığını söyləyib: "Mövsümün əvvəlində sol ayağımdan zədə aldım. Buna görə də iki ay məşq edə bilmədim. Avropa çempionatından öncə səhhətimdə də problem yaşandı. Amma bütün bunlara baxmayaraq, özümü bu yarışa tam hazır hiss edirəm. İnanıram ki, hər şey planlaşdırdığımız kimi olacaq".
O, Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyevlə hələlik görüşə bilmədiyini deyib: "Ramillə qaldığımız otellər və məşq etdiyimiz məkanlar bir-birindən uzaqdır. Bəlkə də, yaxın zamanda görüşmək üçün imkanımız oldu".
Qeyd edək ki, avqustun 6-da Almaniyanın paytaxtı Berlində start götürən atletika üzrə Avropa çempionatı bir həftə davam edəcək. Bu yarışda Azərbaycan üç idmançı ilə təmsil olunacaq. Nazim Babayev və Aleksis Kopello üçtəkanla tullanma, Anna Skidan isə çəkicatma yarışlarında çıxış edəcəklər. Çempionatın üçtəkanla tullanma və çəkicatma yarışlarının təsnifat mərhələləri avqustun 10-da, final isə 12-də təşkil ediləcək.