Azərbaycanın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yekun mövqeyi müəyyənləşib

Azərbaycanın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yekun mövqeyi müəyyənləşib Bağlanış mərasimində bayraqdar cüdo üzrə olimpiya çempionu Vüqar Talıbov olub
Fərdi
19 Oktyabr , 2018 11:40
Azərbaycanın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yekun mövqeyi müəyyənləşib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub.

“Report” xəbər verir ki, oktyabrın 6-da start götürən olimpiadanın bağlanış mərasimi Bakı vaxtı ilə bu günə təsadüf edib. Mərasimdə Azərbaycanın bayraqdarı cüdo üzrə olimpiya çempionu Vüqar Talıbov olub. 

Azərbaycan milli komandasının heyətində Argentinaya yollanan 17 idmançıdan 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.

Bu nəticə ilə Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub. Olimpiadanın qalibi isə 29 qızıl, 18 gümüş və 12 bürünc medalla Rusiya yığması olub. Yaponiya 15 qızıl, 12 gümüş və eyni sayda bürünc medalla 2-ci pillədə qərarlaşıb. Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandası isə 13 dəst medalla 3-cü olub.

Qeyd edək ki, Azərbaycan idmançıları “Sinqapur-2010” olimpiadasında 8 (5 qızıl, 3 gümüş), “Nankin-2014”də 12 (5 qızıl, 6 gümüş, 1 bürünc) medal qazanıblar. Yığma ilk olimpiadanı 204 ölkə arasında 11-ci, ikincisini isə 203 ölkə arasında 10-cu yerdə başa vurub.

Son xəbərlər

Orphus sistemi