Azərbaycanın olimpiya çempionu: "Kəpənək kimi uçacağam"

Azərbaycanın olimpiya çempionu: "Kəpənək kimi uçacağam" “Dağıstanda karantin rejimidir. Hamı evlərində oturur”.
Fərdi
20 May , 2020 13:14
Azərbaycanın olimpiya çempionu: Kəpənək kimi uçacağam
Radik İsayev

“Dağıstanda karantin rejimidir. Hamı evlərində oturur”. 

Bunu “Report”a açıqlamasında Azərbaycan taekvondoçusu Radik İsayev deyib. Hazırda Rusiyada Dağıstan Respublikasının Axtı rayonunda olan 31 yaşlı idmançı özü, ailə üzvləri və qohumlarının koronavirusa yoluxmadıqlarını söyləyib. 

Olimpiya çempionu yaxın dostunda virus aşkarlandığını bildirib. O, həmin şəxsin ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya aparıldığını sözlərinə əlavə edib: "Dostum hələ ki, yataqdadır və çətin nəfəs alır".

Titullu idmançı sərhədlər açılandan sonra Azərbaycana qayıtmaq istədiyini də söyləyib: "İnanıram ki, qayıdandan sonra məşq zalında kəpənək kimi uçacağam (gülür)". 

İsayev Dağıstanda koronavirusla bağlı vəziyyətin pis olduğunu və yoluxanların çoxluq təşkil etdiyini təsdiqləyib.

Qeyd edək ki, Radik İsayev Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, 2015-ci ildə dünya, 2014 və 2018-ci illərdə Avropa çempionu olub. Taekvondoçu Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında da qızıl medala yiyələnib. 

Son xəbərlər

Orphus sistemi