Azərbaycanın kişi boks millisi ABŞ-a yollanıb
- 24 avqust, 2022
- 13:59
Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-a təlim-məşq toplanışına yollanıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi altında Kolorado ştatının Denver şəhərində baş tutacaq hazırlıqda Olimpiya çəki dərəcələri üzrə 9 idmançı iştirak edəcək.
Toplanışa ilkin olaraq Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq) və Məhəmməd Abdullayev (+92 kq) yollanıblar. Komandaya Tayfur Əliyev (60 kq) avqustun 26-da, Nicat Hüseynov (51 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominges (92 kq) isə sentyabrın 2-də hazırlığa qoşulacaq.
Məşqlər sentyabrın 7-dək davam edəcək. Yığma daha sonra ABŞ-da beynəlxalq turnirə qatılacaq. Yarış 7 - 16 sentyabrda baş tutacaq. Azərbaycan millisi sentyabrın 17-də Vətənə qayıdacaq.