Dünya çempionatında tarixi nəticəyə imza atdıq.
Bunu “Report”a açıqlamasında Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında uğurlu çıxış edən Azərbaycan yığmasının baş məşqçisi İradə Qurbanova deyib.
Mütəxəssis bu yarışda ilk dəfə iştirak etdiklərini bildirib:
“Akrobatika gimnastikası üzrə 29-cu dünya çempionatı idi. Yaxşı nəticə göstərdik, ən çox medalı biz qazandıq. Komandamız ilk dəfə idi bu yarışda iştirak edirdi. Heyətdə qrup, həmçinin müxtəlif növlərdə yarışan cütlük olmalıdır. Komanda hesabında ikinci olduq və bununla fəxr edirik. Birinci yeri Çin, üçüncü pilləni İsrail yığmaları tutdu. Hansı ki, həmin komandalar uzun müddətdir birlikdədirlər. Belə davam etməyə çalışacağıq”.
O, Portuqaliyada Azərbaycan himninin səsləndirilməsinin qürurverici olduğunu vurğulayıb:
“4 qızıl, 1 gümüş, 3 bürünc medal qazandıq. 2025-ci ildə Çində keçiriləcək Dünya Oyunları iştirak edəcəyik. Bu, akrobatika komandamız üçün çox böyük start olacaq. Çünki 4 ildən bir keçirilir. Orada reytinqdə ən güclü 6 idmançı iştirak edəcək. Medal əyarı baxımından üçüncü yerdəyik. Medal hesabında isə ikinciyik. Bu da bizim üçün böyük nəticədir, çünki heç vaxt belə olmayıb. Həmçinin Portuqaliyada himnimizin 4 dəfə səsləndirilməsinə nail olmaq bizim üçün qürurvericidir”.
Qeyd edək ki, Azərbaycan gimnastları dünya çempionatında 8 (4 qızıl, 1 gümüş, 3 bürünc) medal qazanıb.