Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümumdünya Antidopinq Məcəlləsi və bir sıra beynəlxalq standartlara yenidən baxılması ilə əlaqədar qanunvericiliyə dəyişikliklər paketi hazırlayır.
"Report" xəbər verir ki, bu barədə Polşanın Katovitse şəhərindəki Ümumdünya Antidopinq Konfransında iştirak edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib. Onun sözlərinə görə, düzəlişlər kompleks xarakter daşıyır: "Məcəllə Ümumdünya Antidopinq Proqramının əsas sənədidir. Məcəllə və standartlara yenidən baxılması milli antidopinq qanunvericiliyinə ciddi əlavə və dəyişikliklərin edilməsini zəruri edir. "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Qanun və Antidopinq qaydalarından savayı, Mülki Məcəllə, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunvericilik aktlarına da düzəlişlərin edilməsi nəzərdə tutulur. AMADA düzəlişlər paketini yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim edəcək".
Qeyd edək ki, 1500-dən çox şəxsin iştirak etdiyi konfransa AMADA-nın nümayəndə heyəti də qatılıb. Beşinci dəfə keçirilən tədbir Ümumdünya Antidopinq Agentliyinin (WADA) 20 illiyinə təsadüf edir. Əsas məqsədi yeni məcəllə və standartların yekun variantlarını qəbul etməkdir. Bunların sırasına artıq mövcud olan Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluq, laboratoriyalar, qadağan edilmiş maddə və üsullar siyahısı, fərdi məlumatların məxfiliyi və qorunması, test keçirmə və təhqiqatlar, terapevtik istifadə üçün istisnalar üzrə standartlar və ilk dəfə qəbul olunan təhsil və nəticələrin emalı üzrə standartlar da daxildir. Sənədlər 2021-ci ilin əvvəlindən qüvvəyə minəcək.
Ümumdünya Antidopinq Məcəlləsi 2004-cü ildən işləməyə başlayıb. Hazırda 2015-ci ilin Məcəlləsi qüvvədədir.