Bakı. 19 sentyabr. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində qala gecə təşkil edib.
"Report" xəbər verir ki, "Buta" sarayında baş tutan mərasimdə IJF-nin Şöhrət Zalına daxil edilən 19 ulduz mükafatlandırılıb. Cüdo ailəsinin tanınmış simalarının qatıldığı tədbirdə qonaqları salamlayan qurumun prezidenti Marius Vizer təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abullayevə təşəkkür edib: “Bu gün xüsusi çempionları, məqamları və insaları qeyd edəcəyik. Çərşənbə günü “Hilton Hotel”də gender bərabərliyi ilə bağlı konfransımız olacaq. Ora hər kəsin qatıla biləcəyinə ümidvaram. Hamıya gözəl gecə, əla dünya çempionatı və hər şeyin yaxşısını arzu edirəm”.
R.Abdullayev isə bildirib ki, Bakıda keçiriləcək dünya çempionatında hər şeyin gözəl alınacağına və əla rəqabətin olacağına ümid bəsləyir: “Hamınızı səmimi qəlbdən salamlayıram. Cüdo ailəsini və bütün qonaqları Azərbaycanda, təşkil edəcəyimiz ilk dünya çempionatında qəbul etmək mənim üçün böyük şərəfdir. Bizə bu imkanı yaratdığı üçün Marius Vizerə təşəkkür edirəm".
Çıxışlardan sonra 2018-ci il üçün Şöhrət Zalına daxil edilən şəxslər xüsusi sertifkat və hədiyyələrlə mükafatlandırılıblar. Azərbaycandan 3 nəfər bu şərəfə layiq görülüb. IJF 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynov, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədli, eləcə də 2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında birinci yeri tutmuş İlham Zəkiyevi fərqləndirib.
Şöhrət Zalına daxil edilən digər şəxslərə gəlincə, Macarıstanın ilk olimpiya və dünya çempionu Antal Kovaç, eləcə də Yaponiyanın ilk ikiqat olimpiya çempionu, 2015-ci ildə vəfat edən Hitosi Sayto buna layiq biliniblər. Siyahıda həmçinin, yaponiyalı Ayumi Tanimato, çinli Syan Dunmey, şimali koreyalı Ke Sun Hi, cənubi koreyalı Ço Min Son, tunisli Anis Lunifi, misirli Heşam Mesba, əlcəzairli Amar Benixlef, kanadalı Nikolya Jil, amerikalı Cimmi Pedro və Rusti Kanokogi, kubalı Ronaldo Veytia, hollandiyalı Mark Heyzinqa, britaniyalı Ceyn Bric və italiyalı Felisi Mariani yer alıb.
Ardınca Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Yenyo Kamyuti fransalı kanoeçi Tomas Barux, fransalı veteran cüdoçu Jan-Luk Ruj, türkiyəli veteran güləşçi Kazım Gedik, eləcə də Türkiyənin "Altinboynuz" İdman Klubunu və Beçikanın "Panathlon Wallonie-Bruxelles" klubunu “Fair Play” mükafatı ilə təltif edib.
İtaliyalı Qavino Pirreddaya qızıl medal, almaniyalı Bernd Axillesə isə xüsusi diplom verilib.
Tədbirdə dünya şöhrətli Al Bano, rusiyalı Ksenya Buzina, azərbaycanlı Səmra Rəhimli, rumıniyalı Marsel Pavel və macarıstanlı Syoç Renata öz mahnılarını ifa ediblər.
Qeyd edək ki, dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.