Yuxarı
    Bağlamaq

    Azərbaycan taekvondoçusu yığmanın sabiq baş məşqçisi tərəfindən döyülüb

    Fəridə Əzizova: Bu hadisədən federasiyada hamı xəbər tutdu

    Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın taekvondoçu qadınlardan ibarət milli komandasının sabiq baş məşqçisi Sun Mi Park və yığmanın aparıcı üzvü Fəridə Əzizova arasında soyuq münasibətlərin yaranma səbəbi ortaya çıxıb. "Report"un əldə etdiyi məlumata görə, koreyalı mütəxəssis məşqlərin birində idmançını vurub.

    Sun Mi Park Əzizovanın verilən tapşırığı yerinə yetirmədiyini əsas gətirərək, ona sillə atıb. Hadisə "Bakı 2015" I Avropa Oyunları ərəfəsində baş verib. Bu hadisədən sonra gənc taekvondoçu əcnəbi baş məşqçinin deyil, yerli mütəxəssis Səbuhi Zülfüqarovun rəhbərliyi altında çalışmağa başlayıb. 67 kq çəkidə çıxış edən taekvondoçu "Bakı 2015"də gümüş medal qazansa da, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda döyüşdə uduzaraq, 5-ci yeri tutub.

    Koreyalı baş məşqçi 22 yaşlı idmançıya qarşı soyuq münasibətini olimpiadadan sonra da davam etdirib. O, 2016-cı il dekabrın ortalarında Bakıda keçirilmiş Qran Prinin final mərhələsində və komandalararası dünya çempionatında Əzizovaya şans verməyib. Həmin vaxt azərbaycanlı taekvondoçunun zədə üzündən hər iki yarışı buraxacağı açıqlanıb. Qran Pridə 67 kq çəkidə Əzizovanı əvəzləyən olmayıb, dünya çempionatında isə Melissa Paqnottaya şans verilib. Amma hər iki yarışda qadın taekvondoçular uğursuz nəticələr göstəriblər. Yanvarın 16-da isə Azərbaycan Taekvondo Federasiyası Sun Mi Parkı istefaya göndərərək, yerinə Elnur Amanovu təyin edib.

    Əzizova "Report"a açıqlamasında koreyalı mütəxəssisin istefasına özünün səbəb olduğuna dair xəbərləri təkzib edib. Bununla belə, gənc taekvondoçu Sun Mi Parkla münasibətlərində soyuqluğun olduğunu və fiziki təzyiqə məruz qaldığını təsdiqləyib: "Hərdən belə hallar olur. Məni isə karyeram ərzində yalnız bir dəfə baş məşqçi vurub. Sona xanımın (Sun Mi Parka Azərbaycanda hamı belə müraciət edirdi - red.) fikrincə, yaxşı məşq etmirdim. Amma mən tələbəyəm, müəllimə qarşı hörmətsizlik edə bilmərəm. Təbii ki, bu hadisədən federasiyada hamı xəbər tutdu. Ona görə də qərar verildi ki, Sun Mi Parkla yox, şəxsi məşqçi Səbuhi Zülfüqarovun rəhbərliyi altında çalışım. Baş məşqçinin məhz bu hərəkətindən sonra başqa məşqçi ilə işləməyə başladım. Amma artıq yığmada baş məşqçi dəyişikliyi baş verib. Mən də hamı kimi, Elnur müəllimin rəhbərliyi altında məşqlərə qoşulacağam. Bunun üçün isə ilk növbədə sabah start götürəcək Azərbaycan çempionatında yüksək nəticə göstərməliyəm".

    Qeyd edək ki, Fəridə Əzizova 2012-ci ildə gənclər arasında dünya çempionu olub. O, 2013-cü ildə dünya, 2014-cü ildə isə Avropa çempionatının bürünc medalını qazanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi