Azərbaycanın şose və trek velosipedi üzrə Elit / U23 yığma komandasının üzvləri Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Oyunlarda baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qərəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova mübarizə aparacaqlar.
Onlar avqustun 5-dən həm trek, həm də şose növlərində yarışlara qatılacaqlar. Velosipedçilərə Orxan Məmmədov (mexanik) və Babək Xudiyev (massajçı) texniki xidmət göstərəcək.
Qeyd edək ki, Azərbaycan Velosiped Federasiyasının nümayəndə heyəti artıq Türkiyənin Konya şəhərindədir. Velosipedçilər yarışöncəsi son hazırlıq prosesi keçirlər. V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda keçiriləcək.