Azərbaycan şpaqaçısı Ruslan Həsənov Polşanın Torun şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmələr və gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Azərbaycan Qılıncoynatma Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, R.Həsənov qrup mərhələsindəki 6 görüşünün hamısını qalib kimi başa vuraraq, mütləq nəticə ilə "play-off"a yüksəlib.
1/64 finalda yunan Dimitrios Markisə 15:6 hesabı ilə qalib gələn gənc idmançı, ardınca rumıniyalı Adam Maskanı 15:10 hesabı ilə məğlub edib. Həsənov 1/16 finalda Niderland təmsilçisi Rendi Postmanı yolundan kənarlaşdırıb -15:8. 1/8 finalda isə o, israilli Stanislav Qalperə gücünü göstərib - 15:13. 1/4 finalda Macarıstan qılıncoynadanı David Nagi üzərində 15:11 hesablı qələbə qazanan Həsənov dünya birinciliyinin yarımfinalına yüksəlməklə, Azərbaycanın müstəqillik tarixində ilk dəfə gənclərin dünya birinciliyində mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadan kimi tarixə düşüb.
Şpaqaçı yarımfinalda fransalı Artur Filippə 7:15 hesabı ilə uduzaraq, bürünc medala sahib olub.
Digər şpaqaçılardan qrupda keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan Xalid Əliyev "play-off"da çinli Xuedonq Vanqa 10:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 6 görüşdən ikisində qalib gələn Barat Quliyev isə "play-off"da Küveyt idmançısı Əli Əlfadhliyə 13:15 hesabı ilə uduzub.
Daha öncə yeniyetmə sablyaçıların yarışında qrup mərhəsində keçirdiyi 6 görüşdən 1-də qələbə qazanan Murad Əkbərov çıxışını başa vurmuşdu.