Bu turnir mənim üçün yaxşı təcrübə oldu.
Bunu "Report"a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən “Masters”də 10-cu olan Azərbaycan şahmatçısı Aydın Süleymanlı deyib.
Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticə göstərən 19 yaşlı qrossmeyster ilk dörd turda yaxşı təsir bağışlamadığını bildirib: "Dördüncü qarşılaşmada yarışın qalibi olan iranlı Bardiya Daneşvara uduzdum. Amma bundan sonra özümə gəldiyimi deyə bilərəm. Növbəti üç görüşdə qələbə qazandım. Son iki dueldə isə 2700 əmsala malik şahmatçılarla heç-heçə etdim. Turnir mənim üçün yaxşı keçdi. Nəticəmi qənaətbəxş hesab etmək olar".
Aydın Süleymanlı iyunun 5-15-i aralığında Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq "UzChess Cup Challengers"də iştirak edəcəyini söyləyib.
O, qarşıdakı hədəfinin 2650 əmsal səddini aşmaq olduğunu vurğulayıb.