Azərbaycan sablyaçısı Rusiyadakı turnirdə üçüncü yeri tutub

Fərdi
  • 25 sentyabr, 2019
  • 14:10
Azərbaycan sablyaçısı Rusiyadakı turnirdə üçüncü yeri tutub

Azərbaycanın yeniyetmə sablyaçıları Rusiyanın Moskva şəhərində yerləşən ikiqat olimpiya çempionu İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində təlim-məşq toplanışındadır.

"Report"un məlumatına görə, Maqsud Hüseynli, Saleh Məmmədov, Murad Əkbərov və Zərifə Hüseynova Rusiyanın yeniyetmələrdən ibarət komandası ilə birgə hazırlıqlarını davam etdirir. 

Təlim-məşq toplanışı çərçivəsində Zərifə Hüseynova Qılıncoynatma Mərkəzində 2006-cı il təvəllüdlü sablyaçılar arasında açıq turnirə qatılıb. Hüseynova 19 idmançı arasında 3-cü yer tutub.

Qeyd edək ki, sentyabrın 19-da başlayan təlim-məşq toplanışına ayın 30-da yekun vurulacaq. Toplanış 19-20 oktyabr tarixlərində Moskvada keçiriləcək yeniyetmələrin “European Cadet Circuit” turnirinə hazırlıq xarakteri daşıyır.