Azərbaycan millisinin baş məşqçisi: “Artıq yerli badmintonçular beynəlxalq turnirlərdə nəticə qazanmağa başlayıblar”

Fərdi
  • 01 mart, 2025
  • 11:35
Azərbaycan millisinin baş məşqçisi: “Artıq yerli badmintonçular beynəlxalq turnirlərdə nəticə qazanmağa başlayıblar”

Artıq yerli badmintonçular beynəlxalq turnirlərdə nəticə qazanmağa başlayıblar.

Bunu “Report”a açıqlamasında Azərbaycanın badminton millisinin baş məşqçisi Morteza Validarvi Uqandada keçirilən "Junior Future" turnirində millimizin göstərdiyi nəticələrlə bağlı danışarkən deyib.

Mütəxəssis daha yüksək səviyyəli turnirlərdə də nəticələr qazanmaq üçün zamana ehtiyac olduğunu söyləyib:

"Uqandanın paytaxtı Kampalada keçirilən "Junior Future" seriyalı turnir Dünya Badminton Federasiyasının təqvimində yer alan yarışdır. Bu turnirdə Avropa, Asiya və Afrikadan ölkələr iştirak edirdi. Sevindirici haldır ki, gənclərimiz 5 kateqoriyanın hər birində mükafatçılar sırasında yer almağı bacardılar. Bu isə o deməkdir ki, artıq yerli  badmintonçular beynəlxalq turnirlərdə nəticə qazanmağa başlayıblar. Təbii ki, daha yüksək səviyyəli turnirlərdə də nəticələr qazanmaq üçün zamana ehtiyacımız var. Əvvəl yerli badmintonçular bu səviyyəli yarışlarda mübarizəni erkən dayandırırdılar. Amma indi demək olar əksər turnirlərdən medalla qayıdırlar. Bu isə strategiyamıza uyğun görülən işlərin nəticəsidir”.

O, bu gedişlə daha yaxın müddətdə qarşıya qoyulan hədəflərə çata biləcəklərini düşünür:

“Bir məqamı da vurğulayım ki, 19 yaşadək badmintonçuların qatıldığı beynəlxalq turnirdə 17 yaşadək idmançılarla təmsil olunurduq. Qızıl medal qazana bilməsək də, 2 dəfə final həyəcanı yaşadıq. Bu yolda yeni addımlayırıq. Əsas hədəfimiz 2028-ci ildir. Lakin bu gedişlə daha yaxın müddətdə qarşıya qoyulan hədəflərə çata bilərik. Qeydə alınan nəticələr belə düşünməyə əsas verir. İstənilən halda 2025-2028-ci illəri əhatə edəcək strateji planımıza uyğun fəaliyyətimizi davam etdirəcəyik. İnanıram ki, bundan da yaxşı nəticələrimizin sayı daha çox olacaq".

Qeyd edək ki, Azərbaycan millisi Uqandada keçirilən turnirdə 2 gümüş, 5 bürünc medal qazanıb.