Yola saldığımız 2024-cü il Azərbaycan idmanında bir sıra uğurlar və rekordlarla yadda qaldı. Təmsilçilərimiz Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında, həmçinin digər beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazandılar. Bu isə Azərbaycan idmanı tarixində yeni rekorddur. Mükafatların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medaldır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edildi.
İl ərzində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışında iştirakı təmin olundu. Həmçinin respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə 305 ölkə miqyaslı, 79 beynəlxalq turnir gerçəkləşib. Belə ki, Bakıda TeamGym üzrə Avropa çempionatı, bədii gimnastika üzrə Avropa Kuboku, cüdo üzrə “Böyük Dəbilqə”, güləş üzrə Avropa Olimpiya Təsnifat turniri, “Formula 1” üzrə Azərbaycan Qran-prisi, atıcılıq üzrə ISSF Dünya Kuboku, "Baku Open 2024" beynəlxalq şahmat festivalı, boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turniri, padel tennisi üzrə “Sea Breze Cup”, Füzuli və Mingəçevir şəhərlərində Beynəlxalq Avarçəkmə Reqatası, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq turniri, Qubada “Ulduz cup” beynəlxalq futbol turniri, nəhayət, Şuşa şəhərində "Vüqar Həşimov Memorialı‐2024" beynəlxalq şahmat turniri keçirildi. Xankəndi şəhərində isə Xankəndi – Bakı ultramarafonu təşkil olundu.
Parisdə yazılan möhtəşəm tarix
Əlbəttə, ilin əsas sınağı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları sayılırdı. İdmançılarımız da bu imtahandan alnıaçıq çıxmağı bacardılar. Belə ki, yarışda 48 idmançı ilə təmsil olunan milli Vətənə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qayıtdı. Komanda medal sıralamasını 30-cu yerdə başa vurmaqla isə tarixi uğuru gerçəkləşdirdi. Detallara keçid alaq...
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Beləliklə, ölkə tarixində ilk dəfə cüdoda bir olimpiadada iki qızıl mükafat əldə olundu. Heydərov 27, Kotsoyev isə 26 yaşında bu uğura imza atdı. Hər iki idmançıya 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq olimpiadada da böyük ümidlər bəslənilir. Kişilərdən ibarət cüdo yığması olimpiadada medal hesabında isə ikinci oldu.
Fransa paytaxtında boksçu Alfonso Dominges (92 kq) və taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə etdilər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxdılar. H.Cəfərovun 22, Q.Maqomedovun 25, M.Maqomedxanovun 26 yaşının olduğunu nəzərə alsaq, onların da növbəti olimpiadada iddialı olacaqları şübhə doğurmur. 32 yaşlı G.Meşvildişvilinin növbəti Yay Olimpiya Oyunlarında iştirakı isə bir qədər çətin görünür.
Bundan əlavə, bədii gimnastika üzrə qrup hərəkətləri komandası olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atdı. Yığma mükafat əldə etməyə yaxın olsa da, yekunda 5-ci yeri tutdu. 3x3 basketbol üzrə milli ilk dəfə dörd illiyin zirvə yarışında Azərbaycanı təmsil etdi. Basketbolçularımız qrup mərhələsini adlaya bilməsələr də, ABŞ millisinə 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gələrək çoxlarını təəccübləndirdilər.
Azərbaycan idmançıları Yay Paralimpiya Oyunlarında da uğurlu çıxışla yadda qaldılar. Belə ki, Parisə ezam olunan 18 idmançından ibarət heyət "finiş xəttini" 11 mükafat qazanmaqla adladı. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və butterflyay üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxdılar.
Əlbəttə, bütün bu uğurların Fransada, Azərbaycana düşmən kəsilən bir ölkədə əldə olunması xüsusi önəm danışıyır. Milli üzvlərinin əksəriyyəti də məqsədlərinin məhz Parisi fəth etmək olduğunu olimpiada ərəfəsindəki açıqlamalarında vurğulamışdılar. Onlardan bir qismi arzusunu müxtəlif səbəblərdən həyata keçirə bilməsə də, Dövlət Himnimizin düşmən ölkədə səsləndirilməsinə nail olanlar da oldu. Hətta bəziləri yerli publikanı onları ayaqüstə alqışlamağa məcbur etdilər. Bir sözlə, Azərbaycan idmançıları olimpiada və parAlimpiadanın təşkilatçılığında "sinifdə qalan" Fransada, onun paytaxtı Parisdə tarixi nəticəyə imza atmaqla bədxahlara gözdağı verdilər.
Favorit imicini doğruldan Azərbaycan güləşi
2024-cü ili olimpiadanı çıxmaq şərtilə Azərbaycan güləşçilərinin aktivinə yazmaq olar. Bunu biz yox, rəqəmlər deyir. Təmsilçilərimiz fevralın 12-18-i aralığında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatında 5 qızıl, 3 gümüş, 8 bürünc medal əldə etdilər. Sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) bürünc mükafata yiyələndilər. Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq) ilə Ülvi Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc mükafata yiyələndilər. Qadınlardan bu il karyerasını başa vuran Mariya Stadnik (50 kq) tarixi uğura imza ataraq 10-cu dəfə Avropa çempionu oldu. Daha bir qızıl medalı Alyona Kolesnik (59 kq) komandanın hesabına yazdırdı. Elis Manolava (65 kq) isə bürünc mükafatla kifayətləndi.
Bundan başqa, yunan-Roma güləşçiləri oktyabrın 28-31-i aralığında Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatını 3 qızıl medalla başa vurdular. Eldəniz Əzizli (55 kq) dördüncü dəfə dünya çempionu oldusa, Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) də qızıl mükafata sahib çıxdılar.
Sərbəst güləşçilər Avropa çempionatında komanda hesabında ikinci, yunan-Roma güləşçiləri isə dünya çempionatında birinci, qitə yarışında üçüncü oldu. Bir sözlə, Azərbaycan güləşi ənənəsinə sadiq qalaraq növbəti dəfə favorit adını doğrultdu.
Cüdoda yeni səhifənin açılması
Azərbaycan cüdoçularının da 2024-cü ildəki Avropa və dünya çempionatlarında uğurlu çıxış etdiyini demək mümkündür. Belə ki, apreldə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan qitə birinciliyində Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Yalnız həlledici görüşdə uduzan Balabəy Ağayev (60 kq) gümüş medal qazandı.
Mayda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gerçəkləşən mundialda isə iki cüdoçumuz azarkeşləri sevindirdi. Hidayət Heydərov bu dəfə də bütün rəqiblərinə qalib gəldi. Zelim Kotsoyev (100 kq) də komanda yoldaşının nailiyyətini təkrarlayaraq Azərbaycanın bu növdə üçüncü dünya çempionu oldu. Halbuki bu yarışa kimi yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu titulunu qazanmışdı.
Digərləri də medal "daxıl"ını zənginləşdirdilər
Ənənəvi idman növlərindən başqa, digər təmsilçilərimiz də 2024-cü ildə yaddaqalan uğurlarla azarkeşlərə sevinc bəxş etdilər. Belə ki, apreldə Serbiyanın paytaxtı Belqradda baş tutan Avropa çempionatında iki boksçumuz mükafatçılar sırasına düşdü. Malik Həsənov (63,5 kq) və Alfonso Dominqes (92 kq) yarımfinalda uduzaraq bürünc medal qazandılar.
Güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osiyek şəhərində baş tutan Avropa çempionatında üçüncü oldu. O, 25 metr məsafəyə standart tapançadan atəş açmada bürünc medal əldə etdi. Taekvondoçulardan Qaşım Maqomedov (58 kq) və Cavad Ağayev (74 kq) isə Belqradda reallaşan qitə çempionatında bürünc medala sahib çıxdılar.
Ağırlıqqaldıran Dadaş Dadaşbəyli (109 kq) də 2024-cü ildə adından söz etdirdi. O, fevralda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında 388 kq-ın (176+212) öhdəsindən gəldi. 28 yaşlı idmançı təkanla və birdən qaldırmada da bütün rəqiblərini geridə qoydu. D.Dadaşbəyli ilin sonunda - dekabrda Bəhreynin paytaxtı Manamada gerçəkləşən mundialda da mükafat qazandı. Ağırlıqqaldıran toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri tutdu. O, təkanla qaldırmada da ikinci oldu.
İdman gimnastı Nikita Simonov apreldə İtaliyanın Rimi şəhərində baş tutan Avropa çempionatında halqalarla hərəkətin yekununda gümüş medal qazandı. Akrobatika gimnastikasında isə Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq dueti, Daniel Abbasov-Murad Rəfiyev kişi cütlüyü dünya çempionatında (hər biri 2 qızıl) uğurlu çıxış etdilər. Şahmatçı Ülviyyə Fətəliyeva da bu il adını tarixə yazdırdı. O, Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk şahmatçısı oldu.
Komanda idman növlərində əldə olunan nailiyyətlər
Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyan “Qarabağ” UEFA Avropa Liqasının 1/8 finalına adlamaqla adından söz etdirdi. Cari mövsüm Çempionlar Liqasının pley-offunda mübarizəni dayandıran “köhlən atlar” hazırda Avropa Liqasının Liqa mərhələsində çıxış edir. “Zirə” komandası da 2024-cü ildə ilkə imza atdı. Belə ki, “qartallar” UEFA Konfrans Liqasında pley-offa vəsiqə qazandı. Futbol üzrə əsas və aşağı yaş qruplarından ibarət milli komandalarımız isə, təəssüf ki, başa çatan ildə hansısa uğurla yadda qalmadılar.
Əvəzində “Birbaşa Bakı” minifutbol komandası Polşada təşkil edilən UEFA Çempionlar Liqasının qalibi olmaqla tarixi uğura imza atdı. “Azərreyl” klubunun oktyabrda həm kişilər, həm də qadınlar arasında Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunda qızıl medal qazanması da 2024-cü ilə təsadüf edən müsbət nəticələr sırasına düşdü. Kişilərdən ibarət “Kür” həndbol komandasının Avropa Kubokunun III mərhələsində iştirak edərək ilkə imza atdlğını da vurğulamaq lazımdır. Çünki Azərbaycanın kişi həndbolunda heç bir komanda II mərhələni adlaya bilməmişdi.
Azərbaycan Prezidentindən yüksək qiymət
Başa çatan Olimpiya ilində ölkəmizdə keçirilmiş nüfuzlu beynəlxalq turnirlər, dünya arenalarında qazanılan qələbələr və medallar Azərbaycanın idman ölkəsi olduğunu növbəti dəfə təsdiqlədi. Prezident İlham Əliyev də dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında uğurlara toxundu. Dövlət başçısı həmçinin idmana diqqət və qayğının daha da artırılacağını bildirdi:
"2024-cü il də Azərbaycan idmanı üçün uğurlu oldu. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdilər, 1700-ə yaxın medal qazanıldı. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Əlbəttə, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək pillədə - komanda hesabında 30-cu yerdə qərarlaşıb. Bu, ən yüksək nəticədir. Bütövlükdə 200-dən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Onu da deməliyəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla 7 medal qazanaraq Azərbaycanın idman şöhrətini bir daha yüksəklərə qaldırdı.
Bizim bundan sonrakı fəaliyyətimiz, təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılıb. Ümid edirəm ki, bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə kimi o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaq. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. Hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur".
Azərbaycan idmançılarını 2025-ci ildə də bir-birindən ciddi sınaqlar gözləyir. Yenə də Avropa və dünya çempionatlarından, digər nüfuzlu beynəlxalq yarışlardan təmsilçiləırimizin xoş sorağını gözləyəcəyik. Ölkə olaraq III MDB Oyunlarının da həyəcanını yaşayacağıq. Belə ki, bu yarış Gəncə başda olmaqla, Azərbaycanın 14 şəhərində baş tutacaq. Gəncədə inşa olunan yeni stadion da məhz bu Oyunların startına kimi istifadəyə veriləcək. Ümumiyyətlə, III MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Bundan başqa, təmsilçilərimiz Səudiyyə Ərəbistanında təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaqlar. Bir sözlə, 2025-ci ilin idman proqramı da kifayət qədər sıx olacaq. İnanmaq istərdik ki, təmsilçilərimiz yola saldığımız ildə qazandıqları ilə kifayətlənməyəcəklər və Azərbaycanın idman salnaməsinə yeni-yeni uğurlar əlavə edəcəklər.